Day.Az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Trend Beynəlxalq İnformasiya Agentliyinə və İctimai Televiziyaya birgə müsahibəsində bildirib.

Onun sözlərinə görə, dövlət sektorunda fəaliyyət göstərən təşkilatlardan hesabatların vahid platforma vasitəsilə alınması və operativ emalı üçün informasiya sistemi yaradılır. Hesablama Palatasının informasiya sistemi artıq hökumət buluduna yerləşdirilib.

"Sistem tam istifadəyə verildikdən sonra illik iş planlarının hazırlanması, auditin hazırlıq və planlaşdırma mərhələsi tam elektron şəkildə həyata keçiriləcək. Müxtəlif ssenarilər üzrə risklərin avtomatik qiymətləndirilməsi təmin olunacaq", - deyə V.Gülməmmədov qeyd edib.

O bildirib ki, süni intellekt və böyük verilənlərin təhlili auditorların vaxt aparan texniki proseslərdən azad olunmasına və peşəkar mühakiməyə daha çox diqqət ayırmasına imkan verəcək.

Hesablama Palatasının sədri əlavə edib ki, sistemlərin tətbiqi zamanı kiber təhlükəsizlik çağırışları xüsusi diqqətdə saxlanılacaq.

Qeyd edək ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun Trend Beynəlxalq İnformasiya Agentliyinə və İctimai Televiziyaya verdiyi birgə müsahibə iyulun 22-də saat 21:00-da tam şəkildə yayımlanacaq.