Bu proqram İtaliya Ticarət Agentliyinin əsas vəzifəsinin yalnız İtaliya məhsullarının ixracını dəstəkləmək deyil, eyni zamanda Made in Italy anlayışının əsl mahiyyətini Azərbaycan ictimaiyyətinə daha yaxından tanıtmaq məqsədi daşıyır. Təşəbbüs çərçivəsində məhsulların tanıdılması ilə yanaşı, orijinal İtaliya məhsullarını fərqləndirən keyfiyyət, mənşənin izlənilə bilməsi, davamlı istehsal prinsipləri və autentiklik kimi əsas dəyərlər barədə məlumatlılığın artırılması hədəflənir.
Layihə çərçivəsində idxalçılar, distribyutorlar, pərakəndə satış şəbəkələri, HoReCa sektorunun nümayəndələri, aşpazlar, jurnalistlər, qida bloqerləri, tələbələr və istehlakçılar bir araya gələrək həm İtaliya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişafına, həm də iki ölkə arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəklər. Proqram iştirakçıları İtaliyadan dəvət olunmuş mütəxəssislərlə görüşmək, maarifləndirici seminar və master-klasslarda iştirak etmək, ənənəvi istehsal üsulları ilə tanış olmaq, orijinal İtaliya məhsullarını tanımağı və onların qida dəyəri ilə mədəni əhəmiyyətini daha yaxından öyrənmək imkanı əldə edəcəklər.
Qeyd edilib ki, İtaliya uzun illərdir Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. İki ölkə arasında ticarət əlaqələrinin əsas hissəsini enerji sektoru təşkil etsə də, son illərdə İtaliya mənşəli qida və içki məhsullarının Azərbaycana idxalı davamlı artım nümayiş etdirir. Bu tendensiya Azərbaycan istehlakçılarının yüksək keyfiyyətli və premium məhsullara artan marağını əks etdirir.
Ölkəmizdə sağlam qidalanmaya marağın artması, istehlakçıların məhsul keyfiyyətinə daha həssas yanaşması və HoReCa sektorunun dinamik inkişafı orijinal İtaliya məhsullarına olan tələbatı daha da gücləndirib. İtaliya şərabı, makaronu, pendiri, zeytun yağı və digər ənənəvi məhsullar keyfiyyətin, təhlükəsizliyin və zəngin kulinariya ənənələrinin rəmzinə çevrilib.
İtaliya mətbəxinin dünya miqyasında populyarlığının artması fonunda istehlakçıların həqiqi Made in Italy məhsulları təqlid məhsullardan ayırd edə bilməsi xüsusi əhəmiyyət kəsb edir. Etibarlı məlumatın təqdim edilməsi və istehlakçıların düzgün seçim etməsinə dəstək göstərilməsi bu təşəbbüsün əsas məqsədlərindəndir.
İtaliya mətbəxi sadəcə yemək reseptləri toplusu deyil. O, əsrlər boyu formalaşmış tarix, sənətkarlıq, biomüxtəliflik, regional ənənələr və birlikdə süfrə arxasında paylaşma mədəniyyətinin təcəssümüdür.
Bu mədəni irs yaxın zamanda İtaliya mətbəxinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilməsi ilə beynəlxalq səviyyədə ən yüksək qiymətləndirmələrdən birini qazanmışdır. Bu qərar təkcə İtaliyanın zəngin qastronomiya ənənələrini deyil, həm də onun kulinariya mədəniyyətinin sosial və mədəni əhəmiyyətini təsdiq edir. Orijinal İtaliya məhsullarını seçmək keyfiyyətə, davamlılığa, ənənələrə və nəsildən-nəslə ötürülən dəyərlərə hörmət göstərmək deməkdir.
Комментарии
Загрузка…
Оставить комментарий