Konstitusiya Məhkəməsindən bildirilib ki, görüşdə çıxış edən Məhkəmənin sədri Fərhad Abdullayev Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq və sarsılmaz dostluq münasibətlərinin qarşılıqlı etimada əsaslandığını vurğulayıb. O qeyd edib ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir və iki ölkə beynəlxalq platformalarda bir-birini daim dəstəkləyir.
Sədr Prezident İlham Əliyevlə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında formalaşmış qarşılıqlı anlaşmanın strateji müttəfiqliyin inkişafına, ikitərəfli əməkdaşlığın genişlənməsinə və əlaqələrin yeni məzmunla zənginləşdirilməsinə əlverişli zəmin yaratdığını bildirib.
Görüşdə Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin fəaliyyət istiqamətləri, qərarların qəbul olunması mexanizmi, konstitusiya ədalət mühakiməsinin həyata keçirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsində məhkəmənin rolu, eləcə də hüquqi dövlət quruculuğu və Konstitusiyanın aliliyinin təmin olunması sahəsində görülən işlər barədə məlumat verib. O, konstitusiya məhkəmələri arasında peşəkar dialoq və təcrübə mübadiləsinin əhəmiyyətini də vurğulayıb.
Pakistanın hüquq və ədliyyə üzrə dövlət naziri Aqil Malik səmimi qəbula görə təşəkkür edərək, iki ölkə arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində hüquq-məhkəmə sahəsində əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını bildirib. Nazir Azərbaycanda hüquq sahəsində həyata keçirilən islahatları yüksək qiymətləndirdiyini və Konstitusiya Məhkəməsinin fəaliyyəti ilə tanış olmaqdan məmnunluğunu ifadə edib.
Görüş zamanı məhkəmə təcrübəsində müasir hüquqi yanaşmalar, insan hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılması, rəqəmsallaşma və süni intellektin məhkəmə sistemində tətbiqi, həmçinin beynəlxalq hüquqi əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Комментарии
Загрузка…
Оставить комментарий