Narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxs saxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 7 kiloqram 490 qram narkotik vasitə marixuana və 1810 ədəd psixotrop tərkibli Metadon M-40 həbini qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirməyə cəhd göstərən İran İslam Respublikası vətəndaşı - 1975-ci il təvəllüdlü Ağapur Hüseyn Novruz saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məlumatda qeyd olunub ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.