Bu, Məhkəmə-Hüquq Şurasının təsdiq etdiyi "Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi Qaydaları "nda öz əksini tapıb.

Qaydalara əsasən, ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərin fəaliyyəti üç ilin sonunda qiymətləndirilir. Digər hakimlərin fəaliyyəti isə Məhkəmə-Hüquq Şurası tərəfindən beş ildə bir dəfədən az olmayaraq qiymətləndirilir. Eyni zamanda, hakim vəzifədə irəli çəkilmək və ya iş yerini dəyişmək üçün müraciət etdikdə, yaxud onun peşə fəaliyyətində sistemli nöqsanlarla bağlı məlumatlar olduqda, qrafikdən kənar qiymətləndirmə də aparıla bilər.

Qiymətləndirmə prosesi müxtəlif mənbələrdən toplanmış məlumatlara əsaslanır. Hakim barədə Azərbaycan Respublikasının Ali Məhkəməsi, müvafiq apellyasiya məhkəməsi və ya Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, həmçinin hakimin işlədiyi məhkəmənin sədri tərəfindən rəy hazırlanır. Bundan əlavə, Ədliyyə Nazirliyinin qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində topladığı məlumatlar, eləcə də Məhkəmə-Hüquq Şurası üzvlərinin əldə etdiyi digər məlumatlar da nəzərə alınır. Hakimin özü də fəaliyyətini xarakterizə edən sənəd və materialları təqdim etmək hüququna malikdir.

Hakim haqqında hazırlanan rəylərdə ilk növbədə onun iş yükü və statistik göstəriciləri əks etdirilir. Bununla yanaşı, əmək və icra intizamına riayət etməsi, peşəkar davranışı, məhkəmə proseslərini idarəetmə bacarığı, qanunvericilik biliklərini artırmaq istiqamətində fəaliyyəti, informasiya-kommunikasiya texnologiyalarından istifadə səviyyəsi və məhkəmə mədəniyyəti də qiymətləndirilən meyarlar sırasındadır.

Qiymətləndirmə zamanı hakimin etik davranışı da xüsusi əhəmiyyət daşıyır. Hakimin həmkarları və məhkəmə aparatı əməkdaşları ilə münasibətləri, proses iştirakçıları ilə davranışı, rəhbərlik etdiyi kollektivdə işin təşkili, təcrübə mübadiləsi aparmaq bacarığı, tərtib etdiyi məhkəmə sənədlərinin keyfiyyəti və kargüzarlıq qaydalarına uyğunluğu da rəyə daxil edilir. Əgər hakim sədr müavini və ya kollegiya sədridirsə, inzibati səlahiyyətlərini necə yerinə yetirməsi də ayrıca qiymətləndirilir.

Ali Məhkəmənin və apellyasiya instansiyası məhkəmələrinin rəylərində isə qəbul olunmuş qərarların qanuniliyi, məhkəmə təcrübəsində yol verilən nöqsanlar, işlərə baxılarkən süründürməçiliyə yol verilib-verilməməsi, vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələrin yaradılıb-yaradılmaması, eləcə də hakimin nüfuzuna və məhkəmə hakimiyyətinin etibarına xələl gətirən halların olub-olmaması barədə məlumatlar əks olunur. Son dəyişikliklərə əsasən, Ali Məhkəmənin məhkəmələrin fəaliyyəti ilə bağlı apardığı monitorinqlərin nəticələri də qiymətləndirmə materiallarına əlavə edilir.

Ədliyyə Nazirliyi də öz səlahiyyətləri çərçivəsində topladığı məlumatları Məhkəmə-Hüquq Şurasına təqdim edir. Bundan başqa, mediasiyaya göndərilən işlərin sayı, barışıq sazişi ilə başa çatan məhkəmə işləri, korrupsiya hüquqpozmaları ilə bağlı daxil olmuş şikayətlərin araşdırılması nəticələri və digər məlumatlar da yekun qiymətləndirmədə nəzərə alınır.

Bütün toplanmış rəylər və materiallar əsasında Məhkəmə-Hüquq Şurasının məsul üzvü yekun rəy hazırlayır. Bu rəy Şuranın iclasında müzakirə olunur, hakimə öz mövqeyini bildirmək imkanı yaradılır və bundan sonra qiymətləndirmə ilə bağlı yekun qərar qəbul edilir. Qiymətləndirmənin nəticələri hakimin gələcək karyerası, vəzifədə irəli çəkilməsi, əlavə təlimlərə cəlb olunması və hakimlik fəaliyyətini davam etdirməyə yararlılığı baxımından əsas göstəricilərdən biri hesab olunur.

Qeyd edək ki, qanunvericiliyə edilən son dəyişikliklərlə hakimlərin fəaliyyətinin qiymətləndirilməsi prosesi daha da təkmilləşdirilib. Hazırda qiymətləndirmə Hakimlərin Qiymətləndirilməsi Komitəsinin topladığı materiallar əsasında kəmiyyət göstəriciləri (iş yükü və onun öhdəsindən gəlmək bacarığı) və keyfiyyət göstəriciləri (məhkəmə aktlarının və proseslərin idarə olunması, kommunikasiya bacarıqları, hakim etikası və intizamlılıq) üzrə aparılır.