O bildirib ki, "ASAN Xidmət"ə daxil olanda onu ilk qarşılayan könüllülər olur:
"Onlar dövlət qurumlarında adətən yaşanan gərginliyi, qarışıqlığı və hara müraciət edəcəyini bilməmək hissini aradan qaldırırlar. Bu model bütün həmin narahatlığı ilk andanca yox edir.
Z.Mirabdullayeva vurğulayıb ki, şəhərlər böyüyəcək, həyat daha sürətli və gərgin olacaq.
"Biz urbanizasiyaya, texnologiyaya və innovasiyaya doğru irəliləyirik, amma bütün bunların içində insan əlaqəsini itirsək, düşünürəm ki, belə bir dünyada yaşamaq bizim üçün çox daha çətin olacaq. Könüllülər məhz bu insan əlaqəsini qoruyan körpüdür. Onlar bizi gündəlik həyat prosesləri ilə bağlayırlar.
Böhran anlarında, böyük tədbirlərdə, fəlakətlər zamanı və iqlim dayanıqlılığı məsələlərində ilk yada düşən insanlar məhz könüllülər olur. Əksər hallarda onlar siyasətçilərdən və beynəlxalq təşkilatlardan daha əvvəl hadisə yerində olurlar. Bu, gündəlik fəaliyyətlərdə də belədir.
Bildiyiniz kimi, bu il Dayanıqlı İnkişaf naminə Beynəlxalq Könüllülər İlidir. Dayanıqlı inkişafdan danışarkən könüllülərin gündəlik müzakirələrə daxil edilməsini düşünməliyik. Çünki könüllülük artıq ayda bir və ya iki dəfə edilən təsadüfi fəaliyyət deyil.
Bu, inkişafın arxasında duran böyük bir qüvvə və əsl təşviqedicidir. Biz buna artıq bu cür yanaşmalıyıq.
Məhz buna görə ASAN sistemi və ASAN modeli məni çox təsirləndirdi. Çünki bu model könüllülüyü insanların gündəlik həyatına daxil etməklə yanaşı, könüllülərə vətəndaş cəmiyyətinin bir hissəsinə çevrilmək imkanı da yaradır", - o əlavə edib.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
"Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий