Xərçəng mübahisəsinin əsasında isə bəzi bişirmə üsulları dayanır. ABŞ Qida və Dərman İdarəsi (FDA) xüsusilə kartof kimi nişastalı qidaların çox yüksək temperaturda və həddindən artıq qızardıldığı təqdirdə "akrilamid" adlı birləşmənin əmələ gələ biləcəyini qeyd edir. Dünya Xərçəng Araşdırma Fondu da məhz buna görə yeməklərin tünd qəhvəyi deyil, qızılı sarı rəngdə bişirilməsini məsləhət görür. Digər tərəfdən, Avropa və Fransa qida təhlükəsizliyi qurumları nitratla zəngin bəzi tərəvəzlərdə uyğun olmayan şəraitdə nitrit və nitrozamin əmələ gələ biləcəyini xatırladır. Lakin bunun birbaşa yenidən qızdırmanın qaçınılmaz nəticəsi olmadığı qeyd edilir.

Düyü, ispanaq, göbələk və kartof yenidən qızdırıla bilər?

Mütəxəssislərə görə, bu 4 qidanın hamısı düzgün şəraitdə yenidən qızdırıla bilər:

Düyü: Ən böyük risk bişmiş düyünün uzun müddət otaq temperaturunda gözlədilməsidir. Bu halda çoxalan Bacillus cereus bakteriyasının istehsal etdiyi toksinlər qida zəhərlənməsinə səbəb ola bilər. Düyü sürətlə soyudulmalı, soyuducuda saxlanılmalı və yalnız bir dəfə yenidən qızdırılmalıdır.

İspanaq: Nitratla zəngin olan ispanaqda uyğun olmayan şəraitdə bəzi kimyəvi çevrilmələr baş verə bilər. Buna görə də bişirildikdən sonra uzun müddət çöldə saxlanılmaması və uyğun şəkildə qorunması tövsiyə olunur.

Göbələk: "Yenidən qızdırıldıqda zəhərli olur" iddiası elmi cəhətdən dəstəklənmir. Risk göbələyin saatlarla otaq temperaturunda gözlədilib daha sonra istehlak edilməsindən qaynaqlanır.

Kartof: Püre, qaynadılmış və ya qızardılmış olmasından asılı olmayaraq, düzgün şəkildə soyudulmadıqda bakteriyalar üçün əlverişli mühit yarana bilər. Həmçinin yenidən qızardılaraq həddindən artıq qəhvəyi rəngə salınması akrilamid miqdarını artıra bilər.

Mütəxəssislərdən təhlükəsiz istehlak üçün 4 təklif Sağlamlıq qurumları artıq qalan yeməklərin təhlükəsiz şəkildə istehlak edilməsi üçün aşağıdakı qaydalara diqqət yetirilməsini tövsiyə edirlər:

Artıq qalan yeməkləri bişirdikdən sonra ən gec iki saat ərzində soyuducuya qoyun.

Kiçik porsiyalar halında saxlayın və 3-4 gün ərzində istehlak edin.

Yenidən qızdırarkən yeməyin hər nöqtəsinin təxminən 74 dərəcəyə çatmasını təmin edin.

Kartof kimi nişastalı qidaları yenidən bişirərkən həddindən artıq qəhvəyi rəng almasından çəkinin, qızılı sarı rəngdə qalmasına diqqət yetirin.