Nazir bildirib ki, görüşdə Xəzər dənizi regionunda "yaşıl limanlar" layihəsinin əhəmiyyəti də müzakirə olunub.

Onun sözlərinə görə, bu layihə nəqliyyat və tranzit infrastrukturunun inkişafı, əlaqələrin genişlənməsi və iqtisadi artım baxımından mühüm əhəmiyyət daşıyır.

"Biz hesab edirik ki, ATƏT bu istiqamətdə müsbət rol oynaya bilər və oynamalıdır", - deyə C.Bayramov vurğulayıb.

Nazir qeyd edib ki, Azərbaycan üçün ən ciddi çağırışlardan biri mina təhlükəsi və partlamamış sursatların yaratdığı problemdir.

"Biz hesab edirik ki, ATƏT bu sahədə təcrübəsi olan beynəlxalq təşkilat kimi Azərbaycana dəstək göstərə, xüsusi layihələr həyata keçirə bilər. Bu gün də gözləntilərimizi bir daha qarşı tərəfin diqqətinə çatdırdıq", - deyə o bildirib.

C.Bayramov əlavə edib ki, bugünkü danışıqlarda Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki vəziyyət və qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.