- Азербайджан стремится удвоить объем грузоперевозок через свою территорию до 30 млн тонн
- Средний коридор (Транскаспийский международный транспортный маршрут) становится ключевым геоэкономическим элементом
- Президент Ильхам Алиев подчеркнул роль Азербайджана как транспортно-логистического центра
- За январь-май 2025 года по международным транспортным коридорам Азербайджана перевезено более 13,5 млн тонн грузов
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanın daha da güclü nəqliyyat-logistika mərkəzinə çevrilməsi istiqamətində işlər davam etməlidir:
"Məqsədimiz Azərbaycan ərazisindən daşınan yüklərin həcmini iki dəfə artırmaqdır. Hazırda bu göstərici təxminən 14-15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik. Əlbəttə, bunun hamısı yalnız bizdən asılı deyil. Bu, həm geosiyasi vəziyyətdən, həm də regiondakı ümumi şəraitdən asılı olacaq. Lakin bunlar bizim planlarımızdır".
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də hesab edir ki, Orta Dəhliz artıq klassik nəqliyyat marşrutu anlayışını geridə qoyub.
Onun sözlərinə görə, bu marşrut Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirən strateji geoiqtisadi sistemə çevrilir və Avrasiya nəqliyyat arxitekturasında fundamental dəyişiklikləri əks etdirir.
H.Hacıyev vurğulayıb ki, Azərbaycanın dəmir yolu, dənizçilik, aviasiya və rəqəmsal infrastruktur sahələrinə yatırdığı investisiyalar ölkənin Avrasiyanın əsas əlaqələndirici mərkəzlərindən birinə çevrilməsini təmin edir.
Azərbaycan geoiqtisadi xəritədə mövqeyini gücləndirir
Azərbaycan son illər tranzit ölkədən daha geniş funksiyaya malik logistika və nəqliyyat habına çevrilmək istiqamətində ardıcıl siyasət həyata keçirir. Dəmir yollarına, avtomobil magistrallarına, liman infrastrukturuna, logistika mərkəzlərinə və rəqəmsal həllərə yatırılan milyardlarla dollarlıq investisiyalar artıq real nəticələr verməyə başlayıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-may aylarında Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizləri üzrə dəmir yolu ilə 6 milyon 159,7 min ton, avtomobil nəqliyyatı ilə 4 milyon 731 min ton, dəniz nəqliyyatı ilə isə 2 milyon 652,5 min ton yük daşınıb. Beləliklə, ümumi yükdaşımalarının 45,5 faizi dəmir yolunun, 34,9 faizi avtomobil, 19,6 faizi isə dəniz nəqliyyatının payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə dəmir yolu daşımalarının 3,3 faiz, avtomobil daşımalarının isə 5,9 faiz artması Azərbaycanın tranzit imkanlarına artan tələbatın göstəricisi kimi qiymətləndirilir.
Dünya yeni logistika marşrutları axtarır
Ənənəvi marşrutların üzləşdiyi risklər fonunda Avropa İttifaqı da Orta Dəhlizə xüsusi diqqət ayırır. Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos bildirib ki, Avropa uzun illər Asiya ilə ticarətdə əsasən Rusiyadan keçən şimal marşrutuna və Süveyş kanalı üzərindən cənub yoluna arxalanıb. Lakin mövcud geosiyasi reallıq bu marşrutların etibarlığını ciddi şəkildə azaldıb. Onun sözlərinə görə, məhz buna görə Cənubi Qafqazdan keçən Orta Dəhliz Avropanın ticarət, enerji və rəqəmsal bağlantıları üçün strateji alternativə çevrilir.
Kos qeyd edib ki, 2022-ci ildən bəri Orta Dəhliz üzrə yük həcmi artıq dörd dəfə artıb və Avropa İttifaqı marşrut üzrə çatdırılma müddətini 45 gündən 15 günə endirməyi hədəfləyir. Bunun üçün yolların, dəmir yollarının, limanların modernləşdirilməsi və sərhəd prosedurlarının sadələşdirilməsi nəzərdə tutulur.
Azərbaycanın yatırımları nəticə verir
Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) Baş katibi Umberto de Pretto Trend-ə bildirib ki, Azərbaycan son illərdə nəqliyyat və logistika infrastrukturuna yatırdığı investisiyalar hesabına Orta Dəhlizin əsas iştirakçılarından birinə çevrilib: "Azərbaycanın nəqliyyat infrastrukturuna yatırdığı investisiyalar bu gün öz nəticəsini verir. Ölkə Avropa ilə Asiya arasında etibarlı tranzit qapısı kimi mövqeyini daha da möhkəmləndirir və Orta Dəhlizin inkişafında aparıcı rol oynayır".
TRACECA Hökumətlərarası Komissiyasının baş katibi Asset Assavbayev də hesab edir ki, Azərbaycanın həyata keçirdiyi layihələr artıq regionun logistika xəritəsini dəyişir:
"Azərbaycanın inkişaf etdirdiyi müasir nəqliyyat infrastrukturu və liman imkanları TRACECA marşrutunun rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırır".
Orta Dəhlizin uğurunun əsas dayaqlarından biri Bakı Beynəlxalq Dəniz Ticarət Limanıdır. Hazırda limanın illik yükötürmə qabiliyyəti 15 milyon ton təşkil edir. Genişləndirmə işləri başa çatdıqdan sonra bu göstərici 25 milyon tona yüksələcək.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov bildirib ki, hökumətin qəbul etdiyi 2024-2026-cı illər üzrə Fəaliyyət Planı məhz Azərbaycanın tranzit potensialının artırılmasına xidmət edir.
Bakı Limanının baş direktoru Taleh Ziyadov isə Trend-ə bildirib ki, məqsəd limanı sadəcə yük qəbulu məntəqəsi deyil, Avropa ilə Asiya arasında inteqrasiya olunmuş logistika və sənaye mərkəzinə çevirməkdir: "Biz Bakı Limanını yalnız yük qəbulu məntəqəsi deyil, Avropa ilə Asiya arasında inteqrasiya olunmuş logistika və sənaye mərkəzi kimi inkişaf etdiririk". Bu istiqamətdə rəqəmsal həllər, multimodal daşımalar və yük emalının sürətləndirilməsi əsas prioritetlərdəndir.
Bununla yanaşı, "Azərbaycan Dəmir Yolları" QSC sədrinin müavini Arif Ağayev bildirib ki, limanın konteyner ötürmə qabiliyyəti də artırılır. "Hazırda bu göstərici 150 min TEU təşkil edir. Aparılan genişləndirmə və yeni avadanlıqlar hesabına yaxın mərhələdə 260 min TEU səviyyəsinə çatdırılması planlaşdırılır", - o bildirib.
Ələt Azad İqtisadi Zonası tranzitdən daha artıq rol oynayır
Azərbaycanın strategiyası təkcə yüklərin tranzitindən ibarət deyil. Ələt Azad İqtisadi Zonası (AFEZ) Orta Dəhlizin istehsal və sənaye komponentini formalaşdırır. AFEZ-in İdarə Heyətinin sədri Valeh Ələsgərov Trend-ə bildirib ki, məqsəd Azərbaycanı regionun istehsal və ixrac platformasına çevirməkdir: "Ələt Azad İqtisadi Zonası investorlar üçün regionun ən rəqabətli biznes mühitlərindən birini təqdim edir".
Onun sözlərinə görə, burada fəaliyyət göstərəcək müəssisələr Orta Dəhliz vasitəsilə yüz milyonlarla istehlakçının yerləşdiyi bazarlara çıxış əldə edəcəklər.
Zəngəzur dəhlizi yeni imkanlar açacaq
Ekspertlərin fikrincə, Orta Dəhlizin növbəti inkişaf mərhələsi Zəngəzur dəhlizinin açılması ilə bağlı olacaq. Bu marşrut Şərq-Qərb və Şimal-Cənub dəhlizlərini birləşdirərək daşımaların məsafəsini qısalda, logistika xərclərini azalda və Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər.
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Ari Laytstoun Trend-ə bildirib ki, TRIPP (Trump Route for International Peace and Prosperity) təşəbbüsü ilkin gözləntilərdən daha böyük geoiqtisadi potensiala malikdir.
Onun sözlərinə görə, Azərbaycan artıq təkcə Naxçıvanla əlaqəni təmin edən ölkə deyil, həm də Mərkəzi Asiya ilə Avropa arasında əsas bağlantıya çevrilir.
Eyni zamanda, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, ABŞ nümayəndə heyəti ilə keçirilən görüşdə Orta Dəhlizin genişləndirilməsi, Zəngəzur dəhlizinin inkişafı və bu proseslərdə Amerika şirkətlərinin iştirak perspektivləri də müzakirə olunur.
Azərbaycanın rolu beynəlxalq təşkilatlar tərəfindən də vurğulanır
BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspan da hesab edir ki, Azərbaycan artıq logistika və regional bağlantılar sahəsində qlobal əhəmiyyətə malik ölkəyə çevrilib.
Onun sözlərinə görə, Azərbaycan Avropa ilə Asiya arasında mühüm körpü rolunu oynayır və yeni beynəlxalq iqtisadi arxitekturanın formalaşmasında vacib iştirakçılardan biridir.
Yeni dünya nizamında Azərbaycanın strateji üstünlüyü
Bugünkü geosiyasi reallıq göstərir ki, müasir iqtisadiyyat artıq təkcə istehsal gücü ilə deyil, etibarlı bağlantılar, təhlükəsiz logistika və çevik nəqliyyat marşrutları ilə rəqabət aparır. Məhz buna görə Orta Dəhliz tədricən Avrasiyanın əsas iqtisadi arteriyalarından birinə çevrilir. Azərbaycan isə son illərdə həyata keçirdiyi ardıcıl infrastruktur siyasəti, Bakı Limanının genişləndirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun inkişafı, Ələt Azad İqtisadi Zonasının formalaşdırılması, rəqəmsallaşdırma və beynəlxalq tərəfdaşlıqlar hesabına bu yeni geoiqtisadi sistemin mərkəzi həlqələrindən biri kimi mövqeyini gücləndirir.
Ənənəvi marşrutların risklərlə üzləşdiyi, dövlətlərin və biznesin etibarlı alternativlər axtardığı bir dövrdə Azərbaycanın təqdim etdiyi logistika infrastrukturu təkcə region üçün deyil, Avropa ilə Asiya arasında ticarətin gələcəyi baxımından da strateji əhəmiyyət daşıyır. Beləliklə, Orta Dəhliz yükdaşıma marşrutu kimi iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi və qlobal təchizat zəncirlərinin dayanıqlığını təmin edən yeni geoiqtisadi platformaya çevrilir.
Комментарии
Загрузка…
Оставить комментарий