Day.Az xəbər verir ki, Xudayar Yusifzadə 15 iyul 1998-ci ildə Bərdə şəhərində anadan olub. O, 2004-2015-ci illərdə Bərdə şəhərindəki Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb.

2016-2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçən Xudayar sonradan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi fəaliyyətini davam etdirib və gizir hərbi rütbəsinə yüksəlib.

2020-ci ilin iyulunda Tovuz döyüşlərində general-mayor Polad Həşimovun şəhid olmasından sonra Xudayar Yusifzadə könüllü olaraq cəbhəyə yollanmaq üçün müraciət edib.

Vətən müharibəsi başlayandan sonra əvvəlcə Füzuli istiqamətində xidmət edən Xudayar daha sonra Cəbrayıl və Zəngilan uğrunda gedən döyüşlərdə iştirak edib. O, 22 oktyabr 2020-ci ildə Zəngilan rayonunun Ağbənd istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhid Bərdə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Xudayar Yusifzadə ölümündən sonra "Vətən uğrunda", "Zəngilanın azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

2021-ci il fevralın 18-də onun təhsil aldığı Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində Xudayar Yusifzadənin büstünün açılışı keçirilib.

Xudayar Yusifzadənin adı isə xüsusilə şəhid olmasından iki gün əvvəl cəbhədə telefonla lentə aldığı "Vətən yaxşıdır" təsnifi ilə yaddaşlara həkk olunub. Qısa zamanda sosial şəbəkələrdə geniş yayılan həmin ifa xalqın yaddaşında xüsusi yer tutub və sonradan bu təsnif Əlibaba Məmmədovun xeyir-duası ilə "Xudayar təsnifi" kimi tanınmağa başlayıb.

Qeyd edək ki, "Vətən yaxşıdır" təsnifinin musiqisi Əlibaba Məmmədova, sözləri isə Əliağa Vahidə məxsusdur. Bu gün də Xudayar Yusifzadənin ifası Vətən müharibəsinin qəhrəmanlıq rəmzlərindən biri kimi xatırlanır.