Mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırıldığı ərazilərdə yerləşən ictimai iaşə obyektlərinə, istirahət məkanlarına və parklanma məntəqələrinə əlçatanlığın təmin edilməsi məqsədilə ödənişsiz şatllar istifadəyə verilib.

"Yeni şatllardan biri - C1 nömrəli mikroavtobus Xaqani bağı ilə Zərifə Əliyeva küçəsinin sonunu, C2 nömrəli mikroavtobus isə Sabir bağı ilə Əziz Əliyev küçəsinin sonunu əlaqələndirir. Şatllar sərnişinlərin rahat və operativ hərəkətini təmin etmək üçün 7-10 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir",-deyə agentliyin Mətbuat xidmətindən bildirilib.

AYNA-nın Mətbuat xidmətindən qeyd edilib ki, istifadəyə verilən şatllar ekoloji cəhətdən təmiz nəqliyyat vasitələridir və şəhərdə dayanıqlı mobillik prinsiplərinin təşviqinə xidmət edir.

Qeyd edək ki, istifadəyə verilən şatllar bu mərhələdə yalnız həftəsonları, bayram günləri saat 12:00-dan 00:00-dək çalışacaq.