Day.Az xəbər verir ki, tədbirdə Peru Xarici İşlər Nazirliyinin rəhbər heyətinin nümayəndələri, Konqresin nümayəndələri, dövlət qurumlarının rəsmiləri, diplomatik korpusun üzvləri, ictimaiyyət və media nümayəndələri, mədəni dairələrin təmsilçiləri, eləcə də elm xadimləri iştirak ediblər.

Tədbirin açılışında çıxış edən ölkəmizin Meksika Birləşmiş Ştatlarındakı, eyni zamanda Peru Respublikasında akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfiri Seymur Fətəliyev Azərbaycan ilə Peru arasında diplomatik münasibətlərin 25 iyun 1996-cı ildə qurulduğunu xatırladaraq, ötən 30 il ərzində əlaqələrin siyasi dialoq, parlamentlərarası əməkdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək, mədəniyyət və təhsil sahələrində uğurla inkişaf etdiyini qeyd edib.

Səfir bildirib ki, 2025-ci ildə Azərbaycan və Peru Xarici İşlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələrin keçirilməsi ikitərəfli münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoyub. O, həmçinin bu dövr ərzində qarşılıqlı səfərlərin, parlamentlərarası təmasların və mədəni-humanitar əməkdaşlığın ölkələr arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.

Seymur Fətəliyev qeyd edib ki, açılışı keçirilən sərgi Azərbaycan-Peru münasibətlərinin 30 illik tarixini əks etdirən canlı salnamə olmaqla yanaşı, ölkələr arasında formalaşmış dostluq və əməkdaşlığın keçdiyi inkişaf yolunu nümayiş etdirir və gələcək əməkdaşlıq üçün möhkəm təməl təşkil edir.

Daha sonra Peru Xarici İşlər nazirinin müavini, səfir Erik Anderson çıxış edərək Azərbaycan ilə Peru arasında son otuz ildə formalaşmış dostluq münasibətlərini yüksək qiymətləndirib, iki ölkə arasında siyasi dialoqun, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Ardınca Peru Poçt Xidmətinin nümayəndəsi Xorxe Santa Kruz Montero çıxış edərək diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş birgə yubiley poçt açıqçanın, zərfin və poçt möhürün əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, yubiley açıqçası, zərfi və poçt möhürü Azərbaycan və Peru arasında dostluq, qarşılıqlı hörmət və əməkdaşlıq münasibətlərinin rəmzi olmaqla yanaşı, hər iki ölkənin zəngin təbii irsini və milli dəyərlərini özündə əks etdirir.

Azərbaycan-Peru diplomatik münasibətlərinin 30 illiyinə həsr olunmuş yubiley poçt açıqçasının və zərfin dizaynında Azərbaycanın ecazkar təbiət incilərindən olan Göygöl və Perunun dünya şöhrətli Titikaka gölü təsvir edilib. Göygöl Azərbaycanın zəngin təbiətini, bioloji müxtəlifliyini və təbii gözəlliklərini, Titikaka gölü isə Peru xalqının tarixi, mədəni irsi və And regionunun təbii zənginliklərini simvolizə edir.

Poçt möhürünün dizaynında isə Azərbaycanın memarlıq simvollarından olan Qız qalası və Alov qüllələri, eləcə də Perunun dünya şöhrətli tarixi abidəsi Maçu-Pikçu təsvir edilmişdir.

Hər iki dizayn coğrafi baxımdan uzaq məsafədə yerləşən Azərbaycan və Perunu dostluq, qarşılıqlı hörmət və əməkdaşlıq kimi ortaq dəyərlər ətrafında birləşdirən rəmzi mesaj daşıyır.

Tədbir çərçivəsində sözügedən yubiley poçt zərfin rəsmi möhürlənməsi mərasimi də keçirilib. Mərasimdə Azərbaycanın Peruda akkreditə olunmuş səfiri Seymur Fətəliyev, Peru Xarici İşlər nazirinin müavini, səfir Erik Anderson, və Peru Poçt Xidmətinin nümayəndələri iştirak ediblər.

Rəsmi mərasimdən sonra qonaqlar Azərbaycan-Peru münasibətlərinin inkişaf tarixini əks etdirən sərgi ilə tanış olublar. Sərgidə 1996-cı ildə diplomatik münasibətlərin qurulmasından etibarən ötən 30 il ərzində ikitərəfli əlaqələrin inkişaf yolunu əks etdirən fotoşəkillər, arxiv sənədləri və digər materiallar nümayiş etdirilib. Ekspozisiyada yüksək səviyyəli qarşılıqlı səfərlər, diplomatik görüşlər, Xarici İşlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələrin keçirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də mədəni, akademik və humanitar əlaqələrin əsas mərhələləri öz əksini tapıb.

Sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Sərgi 15 gün ərzində davam edəcək.