Day.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, antibiotiklərlə birlikdə və ya onlardan sonra probiyotik qəbulunun faydasını təsdiqləyən güclü elmi sübutlar yoxdur.

Hətta bəzi araşdırmalar probiyotiklərin bağırsaq mikrobiomunun təbii bərpasını ləngidə biləcəyini göstərib. Yalnız immun sistemi zəif olan və ya xüsusi risk qrupuna daxil şəxslərdə probiyotiklərin istifadəsi həkim məsləhəti ilə faydalı ola bilər.

Antibiotik kursundan sonra bağırsaq sağlamlığını dəstəkləməyin ən yaxşı yolu liflə zəngin və müxtəlif qidalanmaqdır. Tərəvəz, meyvə, tam taxıllar kimi fərqli lif mənbələri faydalı bakteriyaların çoxalmasına kömək edir. Bundan əlavə, qatıq, kefir və digər fermentləşdirilmiş məhsulların gündəlik qəbulu mikrobiomun zənginləşməsinə və iltihabın azalmasına müsbət təsir göstərə bilər. Antibiotiklər isə yalnız həkim təyinatı ilə və kurs tam başa çatdırılmaqla qəbul edilməlidir.