Day.Az Trend -ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Soltan Məmmədov parlamentin bugünkü iclasında deyib.

Millət vəkili bildirib ki, aparılan strateji xəttin real nəticələri son dövrlərdə həyata keçirilmiş bir sıra beynəlxalq tədbirlərdə özünü aydın şəkildə göstərir.

"Aprelin 30-da Vatikanda Heydər Əliyev Fondu ilə birgə həyata keçirilən layihələrin təqdimatı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Tədbir çərçivəsində Heydər Əliyev Fondu tərəfindən Vatikanda 15 il ərzində həyata keçirilən layihələri özündə əks etdirən "Mədəniyyətlər körpüsü" nəşri, sənədli film və "Səmavi dinlər" layihəsi əsasında hazırlanmış triptix xalça kompozisiyası nümayiş olunub.

Təqdim olunan kitabın ilk nüsxəsi 2025-ci ilin oktyabrında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Vatikana səfəri çərçivəsində Roma Papası XIV Leo ilə görüşdə təqdim edilib.

Bu təqdimatlar Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında formalaşmış əməkdaşlıq və etimadın davamı kimi qiymətləndirilir və dinlərarası dialoqa mühüm töhfə verir. Heydər Əliyev Fondu tərəfindən Vatikan Apostol Kitabxanası və Arxivlərində Azərbaycan tarixi haqqinda əlyazmaların tapılaraq rəqəmsallaşdırılması böyük önəm daşıyır", - deyə o qeyd edib.

Soltan Məmmədovun sözlərinə görə, daha bir vacib tədbir mayın 4-də ICESCO-nun Mərakeşdə yerləşən baş qərargahında keçirilmiş "Natəvan Mədəni İrs Mükafatı"nın ilk təqdimat mərasimidir.

"Azərbaycanın mədəni diplomatiya sahəsində mühüm təşəbbüsü kimi 2025-ci ildə təsis olunan və Xurşidbanu Natəvanın adını daşıyan bu mükafat maddi mədəni irsin qorunması sahəsində qabaqcıl təcrübələrin təşviqinə xidmət edir.

"Natəvan Mədəni İrs Mükafatı" Azərbaycanın milli dəyərlərə bağlılığını, humanizm və multikulturalizm prinsiplərinə sadiqliyini nümayiş etdirir. Heydər Əliyev Fondu və ICESCO tərəfindən təqdim edilən bu mükafat həm Xurşidbanu Natəvana ehtiramın ifadəsidir, həm də Qarabağın zəngin mədəni irsinin beynəlxalq səviyyədə təbliğinə də töhfə verir.

Nəticə etibarilə, həm Vatikanla həyata keçirilən layihələr, həm də ICESCO ilə birgə təsis olunmuş "Natəvan Mədəni İrs Mükafatı" Azərbaycanın beynəlxalq müstəvidə sülhün təşviqi və ümumbəşəri dəyərlərin qorunması istiqamətində ardıcıl siyasətinin parlaq nümunələri olmaqla son vaxtlar ölkəmizə qarşı səslənən əsassız iddialara layiqli cavabdır", - deyə o bildirib.