Mənzil böhranı qlobal və xüsusilə Afrika üçün ciddi çağırışdır.
Trend xəbər verir ki, bunu Çad Respublikasının Ərazi Planlaşdırılması, Şəhərsalma və Mənzil Təsərrüfatı naziri Mahamat Assileck Halata WUF13 çərçivəsində keçirilən nazirlərin dəyirmi masasında deyib.
O bildirib ki, su və iqlim dəyişiklikləri xüsusilə Çadda şəhər inkişafına ciddi təsir göstərir.
"Çadda su həm həyat mənbəyidir, həm də problem yaradan əsas amillərdən biridir. Daşqınlar baş verdikdə insanlar suyu qəbul etməyə deyil, onu uzaqlaşdırmağa məcbur olurlar", - deyə o bildirib.
Nazir vurğulayıb ki, Çad BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (2030), Yeni Şəhər Gündəliyi (2036) və Afrika İttifaqının 2063 gündəliyi kimi beynəlxalq sənədlərə sadiqdir.
Onun sözlərinə görə, mənzil hüququ əsas insan hüququ kimi tanınır və dövlət bu sahədə siyasətləri gücləndirir: "Bütün vətəndaşların layiqli mənzilə çıxışı hüququ vardır", - deyə o qeyd edib.
Nazir bildirib ki, iqlim dəyişikliyinin təsirləri şəhər və kəndlərin inkişafına birbaşa təsir göstərir və buna görə də daha çox preventiv yanaşma tətbiq edilməlidir.
"Biz problemə yalnız reaksiya verməməli, daha çox qabaqlayıcı yanaşma ilə hərəkət etməliyik", - deyə o vurğulayıb.
O əlavə edib ki, Çadda sürətli əhali artımı və urbanizasiya prosesi qeyri-rəsmi yaşayış məntəqələrinin çoxalmasına və əsas infrastruktur çatışmazlığına səbəb olur.
Çıxışının sonunda o qeyd edib ki, ölkədə şəhərsalma və mənzil siyasətləri daha inklüziv və dayanıqlı şəkildə gücləndiriləcək.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий