Spiker bildirib ki, müsəlman ölkələri ilə münasibətlərin həm ikitərəfli əsasda, həm də ortaq təşkilatlar çərçivəsində inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir:

"İslam Əməkdaşlıq Təşkilatı və onun üzv dövlətləri ərazilərimizin işğalı dövründə, eləcə də münaqişədən sonrakı mərhələdə daim Azərbaycanla həmrəylik nümayiş etdiriblər. Son 30 il ərzində İƏT və PUIC çərçivəsində Ermənistanın təcavüzünü pisləyən, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən 100-dən çox qərar və qətnamə qəbul olunub".

S.Qafarova vurğulayıb ki, İslam həmrəyliyi prinsiplərinə böyük önəm verən ölkəmiz bu həmrəyliyin təşviqi və daha da möhkəmləndirilməsi istiqamətində fəal iştirak edir.:

"Azərbaycan İƏT Gənclər Forumu və İƏT Əmək Mərkəzi kimi müxtəlif təşəbbüslərlə çıxış edib. Həmçinin ölkəmiz İslam mədəniyyətini təşviq edən, İslamın sülh və mərhəmət dini olduğunu nümayiş etdirən çoxsaylı tədbirlər təşkil edib və təşəbbüslər irəli sürüb".

Onun sözlərinə görə, Azərbaycan İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq, paytaxtı Əl-Qüds əş-Şərif olmaqla Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan iki dövlətli həll yolu əsasında nizamlanmasını qətiyyətlə dəstəkləyir.

"Bu mövqe Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı daxil olmaqla beynəlxalq təşkilatlardakı fəaliyyətində də öz əksini tapır. Eyni mövqe parlamentimizin 2024-2026-cı illərdə Asiya Parlament Assambleyasına sədrliyi və hazırda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə sədrliyi dövründə də davam etdirilir.

Fələstin məsələsi daim gündəmdə saxlanılıb və yekun bəyannamələrdə, qərarlarda öz əksini tapıb. Son illərdə ölkəmiz dəfələrlə Fələstin xalqının humanitar ehtiyaclarının qarşılanması üçün humanitar və maliyyə yardımı göstərib və bu dəstəyi bundan sonra da davam etdirəcək".

Sədr əlavə edib ki, zəngin tarixi, mədəni irsi, böyük təbii və insan resurslarına baxmayaraq, İslam dünyası bu gün də həllini gözləyən ciddi çağırışlarla üz-üzədir. Yoxsulluq, sosial və iqtisadi bərabərsizliklər, silahlı münaqişələr, humanitar böhranlar, terrorizm və ekstremizm davamlı inkişaf istiqamətində səylərə ciddi maneələr yaradır.

"Bu çağırışların öhdəsindən gəlmək və mövcud potensialı tam reallaşdırmaq üçün İslam dünyasının sülh, tolerantlıq, harmoniya və ədalət kimi əbədi İslam dəyərlərinə əsaslanan birlik və həmrəyliyə ehtiyacı var.

Getdikcə daha mürəkkəb və qarşılıqlı əlaqəli dünyada müsəlman ölkələrinin birlikdə hərəkət etməsi, bir-birini dəstəkləməsi və ortaq məqsədlər naminə çalışması heç vaxt indiki qədər vacib olmayıb.

Parlamentlər bütün bu məsələlərin həllində mühüm rol oynayır. Eyni inancı bölüşən dost və qardaş xalqların nümayəndələri olaraq biz ziddiyyətləri və parçalanmaları deyil, həmrəyliyi, dialoqu və birliyi təşviq etməliyik", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, İƏT-ə üzv dövlətlərin Parlament İttifaqı həmrəyliyimizin möhkəmləndirilməsi üçün mühüm və təsirli platformaya çevrilib, əməkdaşlığımızın inkişafı, birgə fəaliyyət və ortaq məqsədlər naminə qəti addımlar üçün vacib çərçivə rolunu oynayır.

S.Qafarovanın fikrincə, dayanıqlı və inklüziv iqtisadi inkişaf ölkələrimizin ortaq məqsədidir. Bu məqsədə nail olmaq bütün səviyyələrdə, o cümlədən parlamentlərarası əməkdaşlıq vasitəsilə koordinasiyalı səylər və əməkdaşlığa sadiqlik tələb edir.

"Parlamentlərimiz ticarət və investisiyalar qarşısındakı maneələrin aradan qaldırılması, gömrük əməkdaşlığının genişləndirilməsi və İƏT-in mövcud ticarət və iqtisadi inteqrasiya mexanizmlərinin səmərəli tətbiqinin təşviqi istiqamətində birgə fəaliyyət göstərə bilər.

Eyni zamanda, təhlükəsiz, dayanıqlı və bir-biri ilə əlaqəli tranzit-logistika dəhlizlərinin inkişafına dəstək verməklə regional bağlantını gücləndirə, ticarəti asanlaşdıra və İƏT üzv dövlətləri arasında dayanıqlı iqtisadi inteqrasiyaya töhfə verə bilərik.

Bundan əlavə, enerji təhlükəsizliyi, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlığın təşviqi də ortaq məqsədlərimizə nail olmağa kömək edəcək", - deyə o qeyd edib.