Day.Az xəbər verir ki, bu barədə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) məlumatında bildirilir.
Məlumata əsasən, Aİ-nin genişlənmə üzrə komissarı Marta Koss bildirib ki, Transxəzər marşrutu üzrə yükdaşımaların həcmi qarşıdakı 15 ildə beş dəfə arta bilər.
Vurğulanıb ki, dəhlizin əsas iştirakçıları Qazaxıstan və Azərbaycandır.
"Qazaxıstan son yeddi ildə nəqliyyat infrastrukturuna 35 milyard dollar sərmayə yatırdığını və Çinlə Avropa arasında əsas bağlantı nöqtələrindən biri kimi rolunu gücləndirmək üçün gələcəkdə də investisiyaları davam etdirəcəyini açıqlayıb.
Beynəlxalq maliyyə institutları da Transxəzər marşrutunun inkişafında fəal iştirak edir. Asiya İnfrastruktur İnvestisiya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası Qazaxıstanda Almatını yan keçən 75 kilometrlik dəmir yolu xəttinin tikintisini təxminən 300 milyon dollar məbləğində maliyyələşdirir. Ölkənin avtomobil yollarının modernləşdirilməsi proqramının dəyəri isə 1,5 milyard dollar təşkil edir.
Qazaxıstanın Xəzər dənizindəki limanlarının imkanları da genişləndirilib. Aktau və Kurık limanlarında həyata keçirilən layihələr nəticəsində onların ümumi yükaşırma qabiliyyəti ildə 21,6 milyon tona çatdırılıb. Paralel olaraq, Azərbaycan və Gürcüstan Bakı limanı və Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyətini artırmaq üzərində çalışırlar ki, bu da yüklərin Türkiyə və Avropa bazarlarına daşınmasını asanlaşdırsın.
İnfrastrukturun inkişafına baxmayaraq, Orta Dəhliz üzrə yükdaşımaların həcmi hələ də nisbətən aşağıdır. 2024-cü ildə marşrut üzrə 4,5 milyon ton, 2025-ci ildə isə 4,7 milyon ton yük daşınıb. 2030-cu il üçün hədəf bu göstəricini 11 milyon tona çatdırmaqdır.
Avropa İttifaqı üçün Orta Dəhliz Çindən gələn yüklərin Rusiya marşrutuna alternativ istiqamət üzrə daşınması baxımından əhəmiyyətlidir. Çin isə bu marşruta Avropaya yük tədarük marşrutlarını şaxələndirmək və Mərkəzi Asiya ilə Cənubi Qafqazda iqtisadi təsirini gücləndirmək imkanı kimi yanaşır", - məlumatda qeyd edilib.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.
Комментарии
Загрузка…
Оставить комментарий