Bu barədə "Novosti-Qruziya" məlumat yayıb.

Güclü yağıntı nəticəsində küçələri, zirzəmiləri və bir neçə metro stansiyasını su basıb. Sakinlər çoxsaylı kommunal qəza hallarının baş verdiyini bildiriblər, vaxtaşırı elektrik enerjisinin verilişində fasilələr yaranıb, bir çox yollarda nəqliyyatın hərəkəti faktiki olaraq iflic olub.

Güclü yağışın öhdəsindən gələ bilməyən yağış-kanalizasiya sistemləri bir çox küçələrin daşqın sularına qərq olmasına səbəb olub.

Turistlər arasında məşhur olan, şəlalənin yerləşdiyi Leqvtahevi dərəsi ağac və daşlarla qarışmış coşqun palçıq selinə dönüb.

Meriyanın rəsmi açıqlamalarına əsasən, ən mürəkkəb vəziyyət Saburtalo rayonunda müşahidə olunub.

Tamarashvili prospektində suyun səviyyəsi əhəmiyyətli dərəcədə artıb.

Çikovani küçəsində qaz kəməri zədələnib. Qəza səbəbindən yaxınlıqdakı çoxmənzilli binanın sakinləri təxliyə edilib.

Didube-Nadzaladebi rayonundan da tez-tez müxtəlif insidentlər barədə məlumatlar daxil olub.

Sanerqe küçəsində sürüşmə baş verib və yaşayış evinin divarına ziyan dəyib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Üç nəfərdən ibarət ailəyə müvəqqəti yaşayış yeri təklif olunub.

Gecə saatlarında əlverişsiz hava şəraitinin fəsadlarının aradan qaldırılması ilə fövqəladə hallar xidmətləri, patrul polisi və bələdiyyə xidmətləri məşğul olub. Meriyanın məlumatına görə, Tbilisinin bütün 10 rayonunda küçələrin təmizlənməsi və bərpa işləri aparılıb. İşlərə həm bələdiyyə xidmətlərinin əməkdaşları, həm də ağır texnika cəlb olunub.