"Qarşımızda Mərkəzi Asiyanı, Cənubi Qafqazı və yaxın qonşumuz Əfqanıstanı birləşdirən vahid inkişaf məkanını formalaşdırmaq üçün tarixi imkan açılır. Bu məqamdan maksimum yararlanmalı, Avrasiyanın mərkəzində dayanıqlı inkişaf, qarşılıqlı bağlantılar və mehriban qonşuluq üçün möhkəm təməllər yaratmaq məqsədilə birgə səylər göstərməliyik", - deyə o bildirib.

Özbəkistan Prezidentinin sözlərinə görə, Mərkəzi Asiya+ formatı çərçivəsində dövlətlərarası təşkilatlarda koordinasiya gücləndirilməli, bununla da regionun beynəlxalq subyektliyi möhkəmləndirilməlidir.

"Ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin daha da möhkəmləndirilməsi, vahid sənaye-texnoloji zəncirlərin genişləndirilməsi, ümumi rəqəmsal xidmətlərin inkişafı və investisiya platformasının yaradılması istiqamətində konkret addımların hazırlanmasına ehtiyac var. Mərkəzi Asiya təhsil, elm və böyük həcmli məlumatlar sahəsində innovasiyalar üzrə rəqabətqabiliyyətli mərkəzə çevrilməlidir. Buna kadr potensialını, süni intellekt texnologiyalarını, data-mərkəzlərini və enerji güclərini birləşdirən vahid infrastruktur yaratmaqla nail ola bilərik", - deyə Mirziyoyev əlavə edib.

Onun sözlərinə görə, ətraf mühitin qorunması həmişə olduğu kimi, regional gündəliyin prioritet istiqamətlərindən biri olaraq qalır.

"Vahid təbii məkanımızda yaranan çağırışlar dövlət sərhədlərini tanımır. Buna görə də onlara veriləcək cavablar da ortaq olmalıdır. Bu yay müşahidə olunan anomal istilər bir daha göstərdi ki, iqlim dəyişikliyi artıq iqtisadiyyata, su və enerji təhlükəsizliyinə, insanların sağlamlığına və həyat keyfiyyətinə birbaşa təsir göstərən amilə çevrilib. Bu yeni risklərə birgə uyğunlaşmaq üçün uzunmüddətli həll yolları tapmaq vacibdir. Humanitar əməkdaşlıq da qarşılıqlı fəaliyyətimizin dəyişməz prioritetlərindən biri olaraq qalır", - deyə o vurğulayıb.