AZƏRTAC xəbər verir ki, bu barədə Rumıniyanın "Economedia" nəşri "SeeNews" agentliyinin təhlilinə istinadən məlumat yayıb.

Bildirilir ki, daxili Avropa İttifaqı sərhədlərində nəzarətin ləğvi yükdaşımaların sürətlənməsinə, logistika əməliyyatlarının daha etibarlı planlaşdırılmasına və regionun Avropa nəqliyyat şəbəkəsinə inteqrasiyasının güclənməsinə şərait yaradıb.

Təhlilə görə, 2025-ci il yanvarın 1-dən qüvvəyə minən tam Şengen üzvlüyü Rumıniya və Bolqarıstan üzərindən Mərkəzi Avropa, Qara dəniz hövzəsi və Türkiyə istiqamətində yük daşımalarında əsas maneələrdən birini aradan qaldırıb. Nəticədə sərhədlərdə gözləmə müddətləri əhəmiyyətli dərəcədə azalıb və daşıyıcı şirkətlər marşrutlarını daha səmərəli planlaşdırmağa başlayıblar.

Logistika şirkətlərinin nümayəndələri bildirirlər ki, əvvəllər yükdaşımaların planlaşdırılmasında əsas risk sərhəddə uzunmüddətli gözləmələr idi. Hazırda isə əməliyyatlar müştərilərin real tələbatına uyğun təşkil edilir ki, bu da nəqliyyat xərclərinin azalmasına və çatdırılma müddətlərinin qısalmasına imkan verir.

Araşdırmada qeyd olunur ki, Şengen üzvlüyündən əvvəl Rumıniya yük maşınları hər il Bolqarıstan və Macarıstan sərhədlərində ümumilikdə 23,5 milyon saat gözləyirdi və bunun iqtisadiyyata dəyən zərəri 2,55 milyard avro qiymətləndirilirdi. Hazırda isə bir yük avtomobili üçün aylıq sərhəd gözləmə müddəti təxminən 40 saatdan 10-15 saata enib.

Mütəxəssislərin fikrincə, bu dəyişikliklər Rumıniya və Bolqarıstana yeni logistika investisiyalarını cəlb edir. Xüsusilə avtomobil sənayesi, pərakəndə ticarət, istehlak malları və sənaye avadanlığı istehsalçıları hər iki ölkəni Avropa təchizat zəncirinin mühüm hissəsi kimi nəzərdən keçirirlər. Rumıniyanın qərbində yerləşən Arad, Oradya və Timişoara şəhərləri yeni anbar və logistika mərkəzlərinin yaradılması üçün perspektivli istiqamətlər hesab olunur.

Təhlildə Konstansa limanının strateji rolunun daha da gücləndiyi vurğulanır. Liman Asiya və Qafqazdan Avropa İttifaqına daşınan yüklər üçün Qara dənizdə əsas giriş qapılarından biri hesab edilir. Rumıniya hökuməti limanın dəmir yolu bağlantılarının modernləşdirilməsinə iri həcmli investisiyalar yatırır, özəl şirkətlər isə konteyner terminallarının genişləndirilməsini davam etdirirlər.

Bununla yanaşı, ekspertlər bildirirlər ki, əldə olunan üstünlüklərin tam reallaşdırılması üçün nəqliyyat infrastrukturunun inkişafı hələ də əsas vəzifə olaraq qalır. Xüsusilə Ruse-Cürcü dəhlizində davam edən təmir işləri və peşəkar sürücü çatışmazlığı logistika sektorunun qarşılaşdığı əsas problemlər sırasındadır.

Qeyd edək ki, analitiklər Rumıniya və Bolqarıstanın Şengen məkanına tam inteqrasiyasının yaxın illərdə regionun Avropa ilə Qara dəniz və Cənubi Qafqaz arasında əsas logistika qovşaqlarından birinə çevrilməsini daha da sürətləndirəcəyini bildirirlər.