Day.Az " Fakt Yoxla "-ya istinadən xəbər verir ki, bu cür qərəzli məlumatın yeni olmadığı, "Agos" qəzetinin davamlı olaraq Azərbaycan və Türkiyə ilə bağlı analoji xətt tutduğunu nəzərə alaraq, Faktyoxla qəzetin kimliyini, arxasında dayanan qüvvələri və nəyə xidmət etdiyini araşdırıb.

Əvvəlcə ondan başlayaq ki, ilk sayı 5 aprel 1996-cı ildə nəşr olunan "Agos", türk və erməni dillərində nəşr olunan həftəlik qəzetdir. "Agos" (ermənicə Ակօս) İstanbulda nəşr olunan, türkcə və ermənicə çıxan həftəlik qəzetdir. Adı ermənicə " toxum səpmək və ya fidan əkmək üçün açılan oyuk/şırım mənasını verir.

Qəzet 1996-cı ildə (ilk çap sayı adətən 5 aprel 1996 göstərilir) Hrant Dink, Luiz Bakar, Harutyun Şeşetyan və Anna Turayın daxil olduğu təşəbbüs qrupu tərəfindən yaradılıb. "Agos"un öz arxiv materiallarında, eləcə də ingilis və türk mənbələrində bu dörd nəfəri əsas qurucular kimi göstərir. Hrant Dink qısa zamanda əsas redaktor və ideya lideri kimi önə çıxıb, lakin təsis prosesində Luiz Bakar da iştirak edib.

Qəzetin nəşrinin ilk günlərində redaksiya heyətinə Diran Bakar, Luis Bakar, Yetvart Danzigyan, Hrant Dink, Setrak Davuthan, Nıver Lazoğlu, Harut Özer, Sarkis Seropyan, Harutyun Şeşetyan, Anna Turay, Arus Yumul və Sendi Zurikoğlu kimi adlar daxil idi. Bu gün qəzet həm çap, həm də rəqəmsal şəkildə nəşr olunur və beynəlxalq oxucu kütləsinə çatır.

Qəzetin baş redaktoru Hrant Dink 19 yanvar 2007-ci ildə FETO-nin təşkil etdiyi sui-qəsd nəticəsində öldürüləndən sonra Etyen Mahçupyan, Robert Koptaş və Yetvart Danzikyan ardıcıl olaraq redaktorluğu öz üzərilərinə götürüblər. (birgun.net)

Ekspertlər bildirirlər ki, Türkiyədəki erməni icmasının iki dildə nəşr olunan "Agos" qəzeti, ilk illərində erməni icması ilə Türk cəmiyyəti arasında ünsiyyət kanalı rolunu oynamağa çalışıb. Lakin təsisçi və baş redaktor Hrant Dinkin rəhbərliyi altında davam etdirilən bu strategiya onun ölümündən sonra ciddi dəyişikliklərə məruz qalıb. Ekspertlər bu strategiya dəyişikliyi haqqında danışanda, qəzetin 25 aprel 2025-ci il tarixli 1495-ci sayını nümunə kimi göstərirlər. Həmin gün nəşr edilən qəzet elə ilk səhifəsində "110 ildir gözləyən qarşılaşma" adlı məqalə yayımlayıb.

Əslində, bu manşet xəbəri ilə başlayan qondarma "soyqırımı" iddiaları demək olar ki, həmin sayın hər səhifəsində özünü göstərib. Yalnız erməni dilində dərc olunan məqalələrdən biri "Bütün soyqırımlara görə hesab verməyə çağırış" adlanır və yazıda tarixi birtərəfli şəkildə şərh edən bölücü və qızışdırıcı ifadələr kifayət qədərdir.

Qeyd etməliyik ki, Türkiyə və Ermənistanın normallaşma prosesinin daha da sürətləndiyi bir zamanda "Agos" qəzeti təkcə normallaşma prosesinə ziyan vurmur, həm də müdafiə etdiyi əsassız iddiaları daim gündəmə gətirərək türklər və ermənilər arasındakı ünsiyyətə zərər vurur.

Məsələn, qəzetin 17 noyabr 2024-cü il tarixli (1473-cü) sayında erməni dilində dərc olunmuş, lakin türkcə tərcüməsi olmayan "Ermənistan Qarabağ ermənilərinin qarantıdır" başlıqlı məqalə bunun mühüm sübutudur.

Qondarma "Dağlıq Qarabağ Respublikası"nın "ombudsmanı" Artak Beqlaryan ın açıqlamalarının yer aldığı məqalədə deyilir ki, "Azərbaycan üçtərəfli bəyannamənin öhdəliklərini yerinə yetirməyib və Ermənistan "artsax erməniləri" ilə bağlı əsas danışıqlar orqanıdır".

Həmçinin, tez-tez "Agos" qəzetinin səhifələrində klassik revanşist ermənilərin ritorikasından istifadə edildiyinə rast gəlmək mümkündür. Bunu sübutu isə hələ 2018-ci ildə qəzetdə "Araratın digər tərəfi" başlığı altında dərc olunan analitik yazılardır.

Bundan başqa, "Agos" qəzetinin köşə yazarı Ohannes Kılıçdağının 14 fevral 2025-ci ildə qələmə aldığı köşə yazısında "ASALA" terror təşkilatının 7 avqust 1982-ci ildə Ankara Esenboğa hava limanında həyata keçirdiyi terror hücumunu nəzərdə tutaraq "cinayətkarları "terrorçu" adlandırmağın düzgün olmadığı, bu cür ifadələrin qeyri-müəyyən və manipulyativ olduğu" rast gəlinir. O, köşə yazısında həmçinin "soyqırımı" anlamayan türkləri "cahil" də adlandırmışdı.

"Avropa Sabitlik Təşəbbüsü" (ESI) tərəfindən 2009-cu ildə Sorosa məxsus "Açıq Cəmiyyət İnstitutu"nun Beyin Mərkəzi Fondunun dəstəyi ilə hazırlanan "Həqiqətlə üz-üzə gəlmək: Ermənistan, Türkiyə və soyqırımı mübahisələri" adlı hesabatda "Agos" qəzetinin o dövrdəki fəaliyyətlərinə xüsusi yer verilib. Belə ki, vəkil Fəxriyyə Çətinin "Nənəm" adlı kitabının piar kampaniyasının aparılmasında, eyni zamanda ilk qadın pilot Sabiha Gökçenin erməni olması ilə bağlı mübahisələrin qızışdırılmasında "Agos" qəzeti öncüllər arasında qeyd olunur. Bundan başqa, 24 sentyabr 2005-ci ildə İstanbul Bilgi Universitetində keçirilən "İmperiyanın süqutu dövründə Osmanlı erməniləri" adlı konfrans da hesabatın əsas məqamlarından biridir və konfransda "Agos" qəzetinin baş redaktoru Hrant Dinkin çıxışına xüsusi diqqət yetirilir. esiweb

Qəzetin əməkdaşları arasında diqqət cəlb edən müəllif Burcu Karakaş hazırda "Hrant Dink Fondu"nda "Türkiyə-Ermənistan münasibətləri" dialoq proqramının koordinatoru kimi çalışır. ABŞ-də magistr təhsili alan B.Karakaş indiyə kimi "Milliyyət", "Deutsche Welle" və "Reuters" kimi media orqanlarında fəaliyyət göstərib.

Burcu Karakaş "Agos" qəzetində çalışmağa başladığı zaman ilk müsahibə aldığı şəxs Türkiyədə "qızıl Soros" kimi tanınan Osman Kavala olub. Həmin müsahibədə Osman Kavala qondarma "erməni soyqırımı" ilə bağlı danışır, Hrant Dinkin qətlində bu qondarma soyqırımın və ermənilərə qarşı aparılan ayrı-seçkilik siyasətinin önəmli olduğunu iddia edir.

Burcu Karakaş Avropa Parlamentilə tərəfdaşlıq sazişi olan, həmçinin İtaliya Xarici İşlər Nazirliyi, Avropa İttifaqı, özəl fondlar və Avropanın dövlət və özəl qurumları tərəfindən birgə maliyyələşdirilən " Osservatorio Balcani Caucaso Transeuropa (OBCT)" adlı beyin mərkəzinə məxsus mediada da yazılarla çıxış edir. Həmin təşkilatda haqqında geniş danışacağımız, bir zamanlar "Agos" və qəzetində və "Avropa Sabitlik Təşəbbüsü"ndə çalışmış Arzu Qeybullanın da yazılarına rast gəlinir.

2015 və 2019-cu illərdə Avropa İttifaqının "araşdırmaçı jurnalist" mükafatına layiq görülən Burcu Karakaş "Agos" qəzeti üçün Anadoluda müsəlamanlaşdıqları iddia olunan erməniləri araşdıran yazıçı-jurnalist Avedis Hacıyanla da müsahibə almışdı. Müsahibədə həm suallarda, həm də cavablarda hər vəchlə Türkiyə günahkar çıxarılır

Burcu Karakaş "Qlobal Araşdırmaçı Jurnalist Şəbəkəsi"nin (GIJN) üzvüdür və vaxtaşırı həmin şəbəkənin üzvləri üçün vebinarlar verir.

Qeyd edək ki, Burcu Karakaşın araşdırma yazılarını dərc edən "slidstvo info" portalı da həmin şəbəkənin üzvüdür.

Araşdırmanın əvvəlində qeyd etdik ki, "Agos" qəzeti vaxtaşırı Azərbaycan əleyhinə qərəz dolu yazılar yayımlayır. Bu mövzuda bir neçə faktı sadalayaq.

"Agos"-un Azərbaycan əleyhinə fəaliyyəti faktlarla

"Agos" qəzetinin Azərbaycanı və Türkiyəni günahlandırması artıq adət halını alıb. Məsələn, qəzetin köşə yazarı Vigen Çeteryan Azərbaycan Ordusunun 2023-cü ilin sentyabrında həyata keçirdiyi birgünlük antiterror əməliyyatı haqqında danışanda "Dağlıq Qarabağ"-dan, "Üsyankar bir Respublikanın ölümü"ndən bəhs edir, daha sonra Türkiyə haqqında əsasız və paranoyik ittihamlar səsləndirir: "Türkiyəni və Türkiyənin geniş hərbi dəstəyini nəzərə almadan Azərbaycanın təcavüzünü anlamaq çətindir. Görünür, Türkiyə Birinci Dünya Müharibəsi zamanı törətdiyi soyqırımından sağ çıxdıqları üçün erməniləri bağışlamayıb". Təsəvvür etmək belə çətindir ki, doğrudanmı bu sözləri Türkiyədə yayımlanan qəzet yazır?!

Digər fakt. Qəzet Türkiyədə Xocalı anımı üçün keçirilən kütləvi kampaniyanın əsas səbəbinin 1915-ci il hadisələrinin müzakirəsinin qarşısını almaq, bu məsələ ilə bağlı qaldırılan iddiaları yatırmaq və mövzu ətrafında etiraz qüvvəsi yaradaraq radikal millətçi ritorikanı qüvvətləndirmək olduğunu iddia edib.

Bundan başqa, qəzetdə tez-tez ermənilərin Xocalı soyqırımı ilə bağlı uydurduğu yalanların da tirajlandığına da rast gəlinir. Belə ki, ermənipərəst tarixçi Ayşe Hür şahid ifadələrinə məhəl qoymadan Xocalıda soyqırımın məhz Azərbaycan əsgərləri tərəfindən törədildiyini deyərək saxtakarlıq edib.

2012-ci ildə qəzetdə dərc olunan "MOSSAD agentləri Bakıda toplaşıb" - adlı saxta xəbərlə dolu məqalə diqqətimizi çəkdi. Məqalədə iddia olunur ki, İranın Azərbaycanla münasibətləri "Qarabağ məsələsi"ndə Ermənistanı dəstəkləməsi səbəbindən pisləşib və İsrail bu mübahisədən sui-istifadə edir, nəticədə pilotsuz uçuş aparatları üçün ehtiyat hissələrinin üçdə birini Bakının kənarında qurduğu zavodda istehsal etməyə başlayıb.

9 aprel 2012-ci ildə jurnalist Baskın Oran öz köşəsində

"Mətbuatımız bu barədə bir az yazdı, amma nədənsə jurnalistlər belə bunu eşitmədilər: Qohumumuz Azərbaycan İsrailə İran sərhədində hava bazası verdi"

kimi yalan iddia irəli sürür və məqaləni hiyləgər şəkildə "Qardaş Azərbaycanın son zərbəsi" adlandırır.

23 may 2012-ci ildə İstanbul Aydın Universitetinin Türk Dili və Ədəbiyyatı kafedrasının müəllimi, AXCP sədrinin müavini Kamil Vəli Nərimanoğlu Türkiyə-Azərbaycan və Ermənistan münasibətlərini qiymətləndirərək "Agos" qəzeti vasitəsilə Azərbaycanı təhdid etdiyini bildirib.

O, deyib:

"İstənilən an sosial üsyan baş verə bilər. Mən inanıram ki, neftdən əldə edilən gəlirlər xalqın rifahı üçün istifadə olunmur. Deyirlər ki, biz müharibəyə hazırlaşırıq, silahlanırıq, ordu qururuq; bunlar tamamilə əsassız iddialardır"

. Bundan əlavə, K. Vəli Nərimanoğlunun sözləri ilə Azərbaycan və Türkiyə arasında nifaq toxumu səpilib.

2012-ci ilin sentyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Parisə səfərindən əvvəl "Agos" qəzeti Fransadakı erməni diasporunun İlham Əliyevin Luvr Muzeyinə "İslam İncəsənəti Zalı"nın açılışı üçün səfərinə etiraz etməyə hazırlaşdığını bildirmişdi. Məqalənin sonu bu cümlə ilə bitir: "Erməni dərnəkləri federasiyası" (CCAF) bütün insan haqları müdafiəçilərini və demokratları 18 sentyabr saat 18:00-da Azərbaycan Səfirliyinin önündə toplaşmağa çağırır".

"Agos" qəzetində yazıcı Əkrəm Əylisli ətrafında baş verən hadisələr zamanı xeyli aktivlik göstərilmiş, dəfələrlə Əkrəm Əylislini müdafiə edən məqalələr yazılmışdı.

Əlbəttə ki, söz "Agos" qəzetindən düşmüşkən, Arzu Qeybulladan danışmamaq qeyri-mümkündür.

"Xalq diplomatiyası Azərbaycan-Ermənistan xəttində aparıcı rol oynayır" yazısı ilə hələ 2012-ci ildə rüsvayçı "xalq diplomatiyası"na hazırlayan, "Xəyanətim sülh istəmək idi" yazısı ilə özündən "qurban" obrazı yaradan Arzu Qeybulla 2013-cü ildə, "Gezi Parkı" etirazlarından qısa bir müddət sonra qələmə aldığı yazısında Azərbaycan və Türkiyə prezidentlərinə həqarət edərək yazırdı: "Türkiyə Hökumətinin Gezi Parkı etirazları ilə bağlı bir aydan çoxdur nümayiş etdirdiyi münasibət və yanaşma Azərbaycan və Türkiyənin həqiqətən qardaş ölkələr olduğunu və bu qardaşlıq daxilində bir çox oxşarlıqların olduğunu göstərdi".

Bir məqamı da qeyd etməliyik ki, Arzu Qeybullayeva 44 günlük Vətən müharibəsi davam edərkən, "Agos" qəzetinin jurnalisti Aris Nalçının "Arti TV" -dəki "Xəbər aktual" tok-şousunda qonaq olub və yenə Azərbaycanı günahlandırıb.

2023-cü ilin dekabrında isə "Agos" qəzetində "Erkən seçkilər öncəsi Azərbaycanda müxalifət nümayəndələrinə təzyiqlər güclənir" başlıqlı bir məqalə dərc olunub. Məqalədə jurnalist Varduhi Balyan jurnalist Arzu Qeybullaya son bir ayda Azərbaycanda müstəqil media qurumlarına qarşı təzyiq və həbslər barədə suallar ünvanlayıb.

Müxtəlif vaxtlarda " Azərbaycanda məhkəmə qalmaqalları davam edir.", " Leyla Yunusa verilən hökm Aİ qurumları tərəfindən sərt tənqid olunub ", " Azərbaycan "Bəsdir, bəsdir" deyir ", " Qarabağa gedən sənsən? ", " Kumkapıda Ermənistan Patriarxlığının yaxınlığında Azərbaycan bayraqları ilə nümayiş " atılan başlıqların özü belə onu göstərir ki, qəzet Azərbaycan haqqında yalnız neqativ fikirlər formalaşdırır.

Qəzetin əməkdaşlarından Yetvart Danzikyan, Ohanes Kılıçdağı, Alin Ozinian, Berge Arabian, Vicken Cheteryan, Pakrat Estukyan, Ronald G.Suny və digərləri davamlı olaraq Azərbaycan əleyhinə qərəzli yazılar qələmə alırlar.

"Agos"-un mükafatlandırılması səbəbləri

"Agos" qəzetinin əməkdaşlarının fərdi mükafatlandırılmasına diqqət yetirək.

2007-ci ildə Almaniyanın "Pen" mərkəzi tərəfindən verilən "Herman Kesten" mükafatı "Agos" qəzetinə verilib. Verilən məlumata görə, 15 noyabr 2007-ci ildə baş tutan tədbirdə Hrant Dinkin həyat yoldaşı Rakel Dinkə 10 min avroluq çek də təqdim olunub. (bianet)

Bundan başqa, "İrəvan Pressklub"-un verdiyi məlumata görə, Ermənistan prezidentinin incəsənət və elm sahəsində nailiyyətlərinə görə verilən illik mükafata da layiq görülüb. Bu mükafatı da Hrant Dinkin həyat yoldaşı Rakel Dink alıb.

2017-ci ildə isə "Agos" qəzeti ikinci dəfə Ermənistan prezidentinin mükafatına layiq görülüb. Mükafat bu dəfə Baqrat Estukyana təqdim edilib. (armenpress)

2015-ci ildə isə "Agos" qəzetinin jurnalisti Arat Dink "Guardian" jurnalistika mükafatına layiq görülüb. Həmin mükafatın təqdimetmə mərasimində "Index of Censorship" qeyri-hökümət təşkilatının rəhbəri Henderson Mullen Türkiyəyə qarşı sərt ittihamlar səsləndirib.

"Agos"-un xarici fondlardan maliyyələşməsinin nəticələri

Qəzetin maliyyələşməsinə gəlincə qeyd etməliyik ki, ilk baş redaktorunun ölümündən sonra, qəzet əməkdaşlarını 2007-ci ildə "Hrant Dink Fondu"nu yaradıblar və məhz bu fondun xaricdən aldığı qrant və külli miqdarda maliyyə hesabına Türkiyəyə qarşı açıq separatçılıq, milli suverenliyə qəsd, Türkiyənin beynəlxalq imicinə zərbə vuran layihələr reallaşıb.

Təşkilatın saytında "dəstək verən qurumlar" bölməsində aşağıdakı təşkilatların adları var:

"Etkinİz" Avropa İttifaqı İnsan Hüquqlarına Dəstək Proqramı

"Avropada demokratiyaya yardım Fondu"

Fransa Avropa və Xarici İşlər Nazirliyi

"Henrix Böll Fondu" dərnəyi Türkiyə təmsilçiliyi

Sabancı Universiteti İstanbul Siyasət Mərkəzi

İsveçrə Federal Xarici İşlər Nazirliyi

"Con və Hasmik Mgridiçyanlar" Fondu

"Hrant Dink Fondu"nun Azərbaycanla bağlı fəaliyyəti

Hrant Dink Fondunun Azərbaycanla bağlı fəaliyyətlərinə gəldikdə isə, qeyd etməliyik ki, Fondun və Ankara Universitetinin Siyasi Elmlər Fakültəsinin İqtisadiyyat Bölümü tərəfindən təşkil edilən "Möhürlü qapı: Türkiyə-Ermənistan sərhədinin gələcəyi" konfransı 22-23 noyabr 2014-cü il tarixlərində Ankarada keçirilib.

Əhməd İnsel ("Qapalı sərhəd və qonşular") və Soli Özel ("Qapalı sərhəd və qlobal kontekst") sədrlik etdikləri sessiyalarda Azərbaycan və Ermənistan arasındakı "Qarabağ münaqişəsi", eləcə də onun Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesinə təsiri müzakirə edilib. Şübhəsiz ki, həmin tədbirdə sərhədlərin bağlı qalmasında Azərbaycan birmənalı şəkildə günahkar elan olunub.

Qeyd edək ki, tədbir "Xaç" fondu, "Friedrich Ebert" Fondu, "German Marşal" fondu, Danimarka Beynəlxalq İnkişaf Agentliyi, İsveçrə Səfirliyi, Danimarka Xarici İşlər Nazirliyinin "Mymedia" layihəsi çərçivəsində baş tutub.

Bundan başqa, "Fridrix Nauman" Azadlıq Fondunun (Friedrich-Naumann-Stiftung für die Freiheit), Açıq Cəmiyyət Fondunun və Sabancı Universitetinin İstanbul Siyasət Mərkəzinin dəstəyi ilə hazırlanan "Mediada Nifrət Nitqinin Monitorinqi" tədqiqatının həftəlik, aylıq və dörd aylıq hesabatlarında Türkiyə-Ermənistan münasibətlərinin pisləşməsində yenə Azərbaycan əsas amil kimi göstərilir.

2017-ci ilin aprel ayında "Hrant Dink Fondu" "Qarabağda dörd günlük müharibə və Azərbaycan, Ermənistan və Türkiyə mətbuatında ayrı-seçkilik diskursunun təhlili" adlı hesabatını dərc edib. Hesabat "Hrant Dink Fondu"nun "Nifrət Nitqinin Monitorinqi" tədqiqatının bir hissəsi olaraq, Fridrix Nauman Fondu və "MyMedia/Niras"-ın dəstəyi ilə hazırlanmışdır. Hrant Dink Fondunun veb-saytında dərc olunan hesabatın müəllifləri Zeynep Arslan, Fil Qamahelyan, Arzu Qeybulla və Sargis Xandanyandır.

"Hrant Dink Fondu", İsveçrə Federal Xarici İşlər Departamenti (Sida), "Olof Palme" Beynəlxalq Mərkəzi və Xaç Fondunun dəstəyi ilə "Sükut səsi" şifahi tarix seriyasının ilk kitabı olan "Türkiyədən ermənilər danışır" adlı nəşrin 14 sentyabr 2021-ci ildə İrəvanda baş tutan təqdimatında 44 günlük Vətən müharibəsi dövründə Türkiyədəki ermənilərin həyatları üçün təhlükə yarandığı, bunun da əsas səbəbinin Azərbaycan olduğu iddia edilib.

Hrant Dink Fondu ölkə daxilində və xaricində beynəlxalq investorların dəstəyi ilə bir sıra layihələr həyata keçirir. Bunlardan biri də Fondun nəzdində həyata keçirilən "Milli azlıqların hüquqları akademiyası" layihəsidir ki, bu layihənin əsas məqsədi azlıqların hüquqları və müdafiəsi sahəsində bilik və potensialı artırmaqdır.

2023-cü ildə Hrant Dink Fondu Bolis İnstitutu tərəfindən Avropa İttifaqının maliyyə və İsveçin İstanbuldakı Baş Konsulluğunun əməkdaşlıq dəstəyi ilə həyata keçirilən bu layihə, ayrı-seçkiliyə qarşı mübarizə aparan etnik, dini və dil azlıq icmalarına mənsub şəxslər və vətəndaş cəmiyyəti təşkilatları üçün azlıqların hüquqlarına çıxışı artırmağı hədəfləyir.

Ümumi baxdıqda, beynəlxalq standartlara (BMT, Avropa Şurası azlıq hüquqları konvensiyaları) uyğun fəaliyyətdir, lakin reallıqda Aİ maliyyəli bu cür layihələr dövlətin daxili işlərə müdaxilə, "azlıqları qızışdırma" və ya "tarixi revizionizm" (erməni məsələsində) kimi görünür.

17 sentyabr 2025-ci il tarixində "Azlıq Hüquqları Akademiyası" layihəsinin bir hissəsi olaraq baş tutan "Miqrant Hüquqları və müdafiəsi üzrə dəyirmi masa görüşü" zamanı yerli QHT-lərlə yanaşı həm də Avropa-Afrika qərb sərhədində (əsasən İspaniya, Mərakeş və Əlcəzair xəttində) miqrantların hüquqlarını müdafiə edən ispan qeyri-hökumət təşkilatı olan "Caminando Fronteras" ("Sərhədləri aşaraq") və "Human Rights Watch" təşkilatının əməkdaşları da iştirak edib.

"Caminando Fronteras" təmsilçisi Helena Maleno Garzón həmin il "Beynəlxalq Hrant Dink Mükafatı"nı alıb. O, İspaniya-Afrika sərhədində (Kanar adaları, Mərakeş, Əlcəzair istiqaməti) miqrantların hüquqlarını müdafiə edən aktivistdir. Təşkilatı ölümləri qeydə alır, xilasetmə əməliyyatlarını dəstəkləyir və sərhəd zorakılığını tənqid edir. "Caminando Fronteras" Sərhəd bölgələrində insan hüquqlarını müdafiə, miqrant ölümlərinin monitorinqi, ailələrə dəstək barədə çoxsaylı hesabatlar dərc edir və rəqəmləri BMT-nin rəsmi göstəricilərindən yüksək qiymətləndirir. (infomigrants) Bəzi İspaniya və Avropa sağçı dairələrdə "miqrantları təşviq etmək", sərhəd nəzarətini zəiflətmək və "pull factor" yaratmaqda ittiham olunur.

Bundan başqa, Hrant Dink Fondu "Mədəni İrs Proqramı" adlı layihə həyata keçirir ki, Anadoluda ermənilərin davamlı olaraq yaşadığını, bu ərazilərin köklü sakinləri olduğunu sübuta yetirməyə, "bu torpaqlarda yaşamış nəsillər boyu cəmiyyətlər tərəfindən yaradılan həm maddi, həm də qeyri-maddi mədəni irsi qorumağa, sənədləşdirməyə, təbliğ və görünən etməyə" çalışır.

Bu layihə də Fondun digər layihələri (azlıq hüquqları akademiyası, miqrant hüquqları, tarix proqramları) ilə birlikdə humanitar və mədəni müdafiə pərdəsinə bürünüb, amma siyasi nəticələri daha çoxdur. Layihə bu sahənin mütəxəssisləri tərəfindən tarixi narrativi dəyişdirmək və ya erməni iddialarına (köklü sakinlik, torpaq/mülkiyyət məsələləri) zəmin hazırlamaq kimi qiymətləndirilir.

Bəllidir ki, Osmanlı İmperiyasının son dövrü və Türkiyə Cümhuriyyətinin qurulması dövründə erməni icmasının taleyi (1915 hadisələri) Türkiyə rəsmi tarixşünaslığında həssas mövzudur. Bu proqram "erməni mədəni irsi"ni (kilsələr, məktəblər, arxitektura) ön plana çıxararaq "köklü sakinlik" və davamlı iştirakı vurğulayır. Fondun digər layihələri ilə (azlıq hüquqları, miqrantlar, tarix proqramı) birlikdə bu, erməni perspektivini gücləndirən baza kimi görünür. Xarici maliyyə ilə dəstəklənən belə proqramlar yerli suverenliyə və milli yaddaşa müdaxilə kimi qəbul olunur. Xüsusilə erməni diasporunun və beynəlxalq təşkilatların "soyqırımı" narrativini gücləndirdiyi qeyd edilir.

Bundan başqa, Hrant Dink Fondu Türkiyənin çoxmədəniyyətli irsini və çoxqatmanlı quruluşunu kəşf etmək istəyən istifadəçilər üçün fərdi səyahət bələdçisi kimi dizayn edilmiş, türk və ingilis dillərində istifadə oluna bilən mobil tətbiqi olan "KarDes"-i də istifadəyə verib.

"KarDes" tətbiqi istifadəçisinə Türkiyədəki 2000-dən artıq çoxmədəniyyətli quruluşun yerini və tarixini kəşf etmək, yaddaş turları vasitəsilə müxtəlif məhəllələrdə gəzərkən orada yaşamış şəxslərin hekayələrini dinləmək, məhəllələrin və məkanların köhnə fotoşəkillərini görmək imkanını təqdim edir. "KarDes" tətbiqindən istifadə edən şəxslər kilsə, sinaqoq, məscid, məktəb, xəstəxana, qəbiristanlıq kimi bir çox quruluşu özündə cəmləşdirən mədəni irs inventarını kəşf edə bilərlər. Çoxmədəniyyətli irsi görünür edən marşrutlarda gəzərək şəhərlərin gizli hekayələrini tanınmış sənətçilərin səslərindən dinləyə və turları həmin məkanlara getmədən də həyata keçirə bilərlər. Bu layihə "Xaç" fondu, "Calouste Gulbenkian" Fondu və Türkiyə-Almaniya əməkdaşlıq təşkilatı tərəfindən dəstəklənib.

Layihə erməni və digər qeyri-müsəlman icmaların irsini ön plana çıxararaq Anadolunun Osmanlı/Türk dövrü əvvəli və ya çoxmədəniyyətli təbiətinə işarə vurur, bununla da "milli yaddaşı dəyişdirmək" və ya "azlıq narrativini gücləndirmək" kimi gizli məqasədləri yayır. "Calouste Gulbenkian Fondu" kimi erməni diasporunun öncül fiqurlarının iştirakı bu şübhələri daha da artırır.

"Hrant Dink" Fondunun nəzdində yaradılan "ASULIS" Dil, Dialoq, Demokratiya Laboratoriyası" - Türkiyənin ayrı-seçkiliklə mübarizəyə, diskurs üzrə tədqiqatların aparılmasına və bu sahədə tədqiqatların dəstəklənməsinə həsr olunmuş ilk sosial elmlər laboratoriyasıdır. 2009-cu ildən bəri davam edən və əvvəlcə konseptual müzakirə, təhsil, media, hüquq və siyasətə yönəlmiş Hrant Dink Fondunun "Mediada nifrət nitqinin monitorinqi" layihəsinə əsaslanan ASULIS, diskurs tədqiqatları sahəsində fənlərarası bir struktur olmağı hədəfləyir.

Hrant Dink Fondunun nəzdində "ASULIS - Dil, Dialoq, Demokratiya Laboratoriyası" tərəfindən təşkil edilən "Həmkarlığa innovativ yanaşmalar: Afrika və Mərkəzi Avropa nümunəsi" adlı panel 27 iyun 2019-cu il tarixində "Anarad Hığutyun Binası"nın "Havak" salonunda keçirilib. Akademik və insan haqları müdafiəçisi Laden Yurttagülerin moderatorluğu ilə keçirilən paneldə Beynəlxalq Milli Azlıq Hüquqları Qrupunun Afrika Regional Direktoru Aqnes Kabajuni və Avropa Roma Hüquqları Mərkəzinin insan haqları müdafiəçisi Atanas Zahariev iştirak ediblər. Layihə Hrant Dink Fondu, İsveçdə yerləşən "Olof Palme" Beynəlxalq Mərkəzi və Sabancı Universitetinin İstanbul Siyasət Mərkəzi ilə əməkdaşlıq çərçivəsində və Avropa Birliyinin dəstəyi ilə həyata keçirilib.

Qeyd edək ki, Hrant Dink Fondu eyni layihə çərçivəsində 2019-2021-ci illərdə "Vətəndaş Cəmiyyətinin gücləndirilməsi" Qrant Proqramını da həyata keçirib. Qrant proqramı Türkiyədə insan hüquqları və demokratiyanı gücləndirməyi, hüquq və azadlıqları qorumağı, qarşılıqlı anlaşma, dialoq və etimad quruculuğu yolu ilə müxtəlif etnik, sosial və siyasi qruplar arasında birgəyaşayışı təşviq etməyi hədəfləyib.

Qrant proqramına 29 şəhərdən insan hüquqları, uşaq, gənclər, azlıq və əlilliyin hüquqları, ekologiya və şəhərşünaslıq, miqrasiya və qaçqın tədqiqatları, mədəniyyətşünaslıq, vətəndaş cəmiyyətinin gücləndirilməsi, gender və qadın hüquqları sahələrində fəaliyyət göstərən 148 qurum müraciət edib. Müstəqil seçim komitəsi tərəfindən aparılan qiymətləndirmədən sonra Ankara, Bitlis, Diyarbəkir, Hakkari, İstanbul, İzmir və Qarsda 15 layihəyə azlıq hüquqları, uşaq və gənclər tədqiqatları, ekoloji hüquqlar, gender, QHT-lərin gücləndirilməsi, miqrasiya və qaçqın tədqiqatları, insan hüquqları, mədəni tədqiqatlar və media sahələrindəki layihələrə dəstək olaraq ümumilikdə 1 199 617.17 avro məbləğində vəsait ayrılıb.

2011-ci ilin sentyabr ayında Hrant Dink Fondu, Galata Fotoqrafiya Akademiyası, "Free Press Unlimited" və "Gümrü" Gənclər Təşəbbüs Mərkəzi, Niderlandın Baş Konsulluğu və Britaniya Səfirliyi ilə birgə "Ermənistan və Türkiyə arasında dialoqu gücləndirmək üçün multimedia" layihəsini həyata keçirib. Layihənin məqsədi erməni və Türk xalqları arasında yaxınlaşmaya və iki ölkə arasında sülh yolu ilə münasibətlərin inkişafına töhfə verəcək multimedia sənədli filmləri istehsal etmək olub.

Bundan başqa, eyni ildə "Hrant Dink" fondunun həyata keçirməyə başladığı "Anadolu ermənilərinin şifahi tarix layihəsi" İsveç Konsulluğu və Fransa səfirliyinin dəstəyi ilə həyata keçirilib. 2011-ci ildə tədqiqat qrupu İstanbulda və Anadolunun müxtəlif şəhərlərində 40 erməni ilə müsahibə aparıb və layihə ilin sonunda "Sükutun səsi - Türkiyədəki ermənilər danışır" adlı kitab kimi nəşr olunub. Türk və ingilis dillərində nəşr olunan kitabdan sonra diqqət 2012-ci ildə İstanbul, Diyarbəkir, Livan, Nyu-York, Los-Anceles, Nyu-Cersi, Monreal, Toronto və İrəvanda Diyarbəkir əsilli ermənilərlə edilən müsahibələr "Sükutun səsi" seriyasının ikinci kitabı çapdan çıxıb. 2013-cü ildə İstanbul, Ankara, Avstriya və Fransada yaşayan Ankara əsilli ermənilərlə müsahibələr aparılıb. İlin sonunda "Sükutun səsi III - Ankaradan ermənilər danışır" kitab nəşr olunub. 2013-cü ilin oktyabr ayında başlayan "şifahi tarix" layihəsi bu dəfə İzmit (Bərdizaq-Armaş) ermənilərinə yönəlib. Müsahibə aparan komanda ilk təlimini tədqiqatçı və yazar Arsen Yarmandan alıb və bu təlim zamanı onlara bölgənin tarixi prosesi barədə məlumat verilib. Tədqiqatçı və yazar Zəkərya Mildanoğlunun verdiyi ikinci təlim sessiyasından sonra onlar vizual materiallar vasitəsilə İzmitin tarixi və bu bölgədəki ermənilər haqqında yeni məlumatlar əldə ediblər. İl ərzində bölgənin tarixi, bölgədə ermənilərin mövcudluğu, şifahi tarix metodologiyası və praktiki təlimlər davam edib. Alınan müsahibələrin bəziləri seriyanın dördüncü kitabı olaraq 2015-ci ilin oktyabr ayında nəşr olunub.

Bu layihədə məqsəd Türkiyədəki erməni icmalarının şəxsi hekayələrini, yaddaşlarını və təcrübələrini toplamaq, sənədləşdirmək və nəşr etmək. Bu, "sükutu" aradan qaldıraraq, Anadoludakı erməni varlığını və tarixini görünür etməkdir.

Bu layihə fondun "Mədəni İrs Proqramı" və digər fəaliyyətləri ilə tam uyğundur. Lakin 1915 hadisələrini və sonrakı dövrləri erməni perspektivindən işıqlandırmaq, Türkiyənin rəsmi tarixşünaslığına alternativ yaratmaq, xarici dəstək (İsveç, Fransa) ilə "xarici güclərin" Türkiyə daxilində erməni məsələsini gücləndirməkdir. Müsahibələrin Livan, ABŞ, Kanada, Ermənistan kimi yerlərdə aparılması beynəlxalq erməni şəbəkələri ilə əlaqəni göstərməklə yanaşı ermənilərin 1915 hadisələrinin "şahidlərinin" davamçıları ilə söhbət kimi qəbul olunur. Bu, isə klassik "şifahi tarix" metodudur (dünyada bir çox azlıq və ya zülmə məruz qalmış qruplar üçün istifadə olunur). Belə layihələr humanitar işdən çox geosiyasi alət kimi də qiymətləndirilir.

20-21 noyabr 2015-ci il tarixlərində Boğaziçi Universitetində keçirilən

"Məhv edilmiş sivilizasiya: Son Osmanlı və erkən respublika dövrlərində qeyri-Müsəlman varlığı"

adlı konfrans Hrant Dink Fondu tərəfindən Boğaziçi, İstanbul Bilgi və Sabancı universitetləri ilə əməkdaşlıqda, həmçinin "Xaç" Fondu, Fransa Səfirliyi, Fridrix-Ebert Fondunun Türkiyə Nümayəndəliyi və İstanbul Siyasət Mərkəzinin dəstəyi ilə təşkil olunub.

Konfrans Osmanlı İmperiyasının son dövrü və Türkiyə Cümhuriyyətinin ilk illərində qeyri-müsəlman icmaların (əsasən erməni, rum, yəhudi) var-dövlətinin məhv edilməsi, əmlaklarının müsadirəsi, iqtisadi və mədəni itkiləri mövzusunu araşdırıb.

Fondun digər layihələri (azlıq hüquqları akademiyası, mədəni irs proqramı, miqrant hüquqları) ilə birlikdə bu konfrans sistemli şəkildə aşağıdakıları vurğulayır:

Anadoludakı qeyri-müsəlman icmaların tarixi töhfələri və itkiləri;

1915 erməni hadisələri, 1920-ci illərdəki əmlak qanunları, "Varlık Vergisi" (1942), 1964 "Rum sürgünü" kimi hadisələr;

Müasir Türkiyədə multikulturalizmin və azlıq hüquqlarının çatışmazlığı.

Bu cür tədbirləri "tarixi təhrif", "erməni lobbisinin təsiri" və ya "xarici güclərin daxili işlərə müdaxiləsi" kimi qiymətləndirilməli, xarici dəstəklə (Fransa Səfirliyi, Alman fondu) "soyqırımı" narrativini beynəlxalq səviyyədə gücləndirmək kimi şərh olunmalıdır. Belə araşdırmalar beynəlxalq tarixşünaslıqda normaldır. Lakin Türkiyədə bu mövzular dövlət siyasəti və milli yaddaşla sıx bağlıdır. "Məhv edilmiş sivilizasiya" başlığı güclü emosional və siyasi yük daşıyır. Təsadüfi deyil ki, 2019-cu ildə Fondun Kayseri konfransı məhkəmə qərarı ilə qadağan olunmuşdu.

7-8 oktyabr 2016-cı il tarixlərində isə "Hrant Dink Fondu" tərəfindən "Hamazkayin" Erməni Təhsil və Mədəniyyət Assosiasiyası ilə əməkdaşlığı, həmçinin "Calouste Gulbenkian" Fondu və İsveç Baş Konsulluğunun dəstəyi ilə təşkil edilən "21-ci əsrdə erməni kimliyinə kritik yanaşmalar: Zəiflik, Davamlılıq və Transformasiya" adlı beynəlxalq konfrans xarici ölkələrdəki erməni fondlarının və xarici ölkələrin dəstəyi ilə keçirilən tədbirlərdən biri olub.

Bu tədbirdən bir ay sonra "Hrant Dink Fondu" tərəfindən Fransa Səfirliyi, Fridrix Ebert Fondunun Türkiyə Nümayəndəliyi və "Vətəndaş Düşüncəsi" Aİ Proqramının dəstəyi ilə təşkil edilən "Van və ətraf ərazilərin sosial, mədəni və iqtisadi tarixi" adlı beynəlxalq konfrans Hrant Dink Fondunun "Anarad Hığutyun" binasının "Havak" zalında keçirilib. Böyük maraq doğuran konfrans Hrant Dink Fondunun veb-saytında yayımlanıb.

Bu konfrans da fondun "Tarix Proqramı"nın (History Program) açıq fəaliyyətidir və əvvəlki layihələrlə eyni istiqamətdədir. Van bölgəsi Osmanlı dövründə böyük erməni icmasının yaşadığı ərazilərdəndir və 1915-ci il hadisələri ilə bağlı çox mübahisəli mövzudur. Açıq şəkildə "yaddaş işi" və "qeyri-milliyətçi tarix"in təşviqi məqsədilə aparılır. Bu konfransda iştirak edən alimlərin əksəriyyəti "erməni soyqırımı" narrativini qəbul edən və ya araşdıran şəxslərdir. Buna görə də Türkiyə mediasında bu konfrans tarixin təhrifi, "xarici güclərin" (Fransa, Almaniya fondları, Aİ) dəstəyi ilə Türkiyəyə qarşı informasiya müharibəsi kimi qiymətləndirilib. Fransa kimi ölkələrin "soyqırımı" yalanını tanıması və erməni lobbisi ilə əlaqələri bu şübhələri gücləndirir.

2008-ci ildə Fransa Respublikasının sabiq prezidenti Jak Şirak tərəfindən

"münaqişələrin qarşısının alınması, mədəniyyətlər arasında dialoq və səhiyyə xidmətlərinə çıxışın keyfiyyətinin artırılması səylərini dəstəkləmək"

missiyası ilə təsis edilən Şirak Fondu, "2017-ci il Münaqişələrin Qarşısının Alınması üzrə Şirak Mükafatı"nın Hrant Dink Fonduna verildiyini elan edib.

Fond həmçinin "Hrant Dink Fondu Kitabxanası"nın yaradılması prosesinə start verib ki, bu proses "Calouste Gulbenkian" və "Xaç" fondları tərəfindən dəstəklənib. Bundan başqa, Haygazyan Universiteti, Hamazkayin Erməni Təhsil və Mədəniyyət Cəmiyyəti, "Qomidas" İnstitutu, "Aras" nəşriyyatı, Türkiyə İş Bankası kimi böyük qurumlardan və şəxslərdən ianələr alınıb və hələ də yeni ianələr ilə mənbələrin zənginləşdirilməsi prosesi davam etdirilir.

"Hrant Dink Fondu"nun "Qərbi erməni dili və mədəniyyəti" proqramları illərdir ki, "Calouste Gulbenkian" Fondunun maliyyəsi ilə təşkil olunur. Məsələn, bu əməkdaşlığın ilk yay proqramı 11 iyul - 12 avqust 2016-cı il tarixlərində İstanbulda keçirilib. Üç səviyyədən ibarət proqramda 18 iştirakçı hər həftənin iş günləri saat 10:00-dan 13:00-dək dil kurslarında iştirak ediblər. Üç müəllim - Sarin Akbaş, Sevan Değirmenciyan və Nareg Seferian tərəfindən tədris edilən dərslər bütün başlanğıc səviyyəli iştirakçılara "Qərbi erməni" dilini oxumağa və dinləməyə, orta səviyyəli iştirakçılara isə dil bacarıqlarını inkişaf etdirmək imkanı yaradıb.

"Qərbi Ermənistan" termini erməni milli narrativində Osmanlı İmperiyasının şərq əraziləri (bugünkü Şərqi Türkiyə) üçün istifadə olunan tarixi addır. Proqram məhz bu dili və mədəniyyəti (1915-ci il hadisələrindən əvvəlki və sonrakı erməni həyatını) öyrədir və qoruyur. Məqsəd, Türkiyədə erməni identikliyini gücləndirmək, 1915-ci il hadisələrini "soyqırımı" narrativi ilə təbliğ etmək, gənc nəsillər arasında "Qərbi Ermənistan" şüurunu saxlamaqdır. Bu layihə də humanitar/mədəni görünə bilər, amma Türkiyə üçün milli təhlükəsizlik və tarixi yaddaş baxımından açıq təhdiddir.

"Hrant Dink Fondu" tərəfindən ABŞ-nin Ermənistandakı Səfirliyi və "Xaç" Fondunun dəstəyi ilə 24 iyun - 10 iyul 2019-cu il tarixlərində MEF Universiteti və Ermənistan Milli Memarlıq və İnşaat Universitetindən (NUACA) 26 memarlıq tələbəsinin iştirakı ilə yay məktəbi təşkil edilib. Hər iki ölkədən olan tələbələr "Ermənistana Birbaşa Yardım Assosiasiyası" (DAA) ilə əlaqəli xəstəxana nəzdində tədris mərkəzi üçün oyun meydançası layihələndirib və tikiblər.

Burada xroniki xəstəlikləri olan 2-17 yaşlı uşaqların təhsil və müalicə aldığı müəssisə yerləşir. MEF Universitetindən akademiklər Avşar Karababa Erecir və Sibel Yasemin Özgan, eləcə də NUACA-dan Artur Yeghikyan və Qriqor Babajanyan üç həftə ərzində tələbələrlə işləyib və onlara rəhbərlik ediblər.

15 dekabr 2020-ci ildən 21 fevral 2021-ci ilə qədər "Yapı Kredi" Mədəniyyət və İncəsənət Muzeyində "Hrant Dink Fondu"nun rəhbərliyi ilə Türkiyə Teatr Fondu və "Yapı Kredi" Mədəniyyət və İncəsənət Nəşriyyatı ilə əməkdaşlığı, həmçinin "Xaç" Fondu, Niderland Krallığı Baş Konsulluğu və Fransa Səfirliyinin dəstəyi ilə "Səhnəarxası: Teatr xatirəsi, Hagop Ayvaz" sərgisi nümayiş olunub.

2023-cü ilin Hrant Dink mükafatlarının dəstəkçiləri arasında Almaniyanın "Heinrich Böll" Fondunun Türkiyə Nümayəndəliyi, Sabancı Universitetinin İstanbul Siyasət Mərkəzi, "Vətəndaş Hüquq Müdafiəçiləri" (İsveçrə) adlı qeyri-hökumət təşkilatı ilə yanaşı Fransa Səfirliyinin və Türkiyədə Fransız İnstitutunun da adı var idi.

18-19 oktyabr 2019-cu il tarixlərində "Hrant Dink Fondu"nun "Anarad Hığutyun" binasının "Havak" zalında keçirilməsi planlaşdırılan, lakin sonradan təxirə salınan "Kayseri və Ətraf Mühit: Sosial, Mədəni və İqtisadi Tarix" adlı konfransa daxil edilən materialların toplandığı elektron kitabdan aydın olur ki, tədbir "Hrant Dink Fondu" tərəfindən keçirilsə də, Avropa İttifaqı Vətəndaş Cəmiyyəti Proqramı, STGM QHT Resurs Mərkəzi, Fransa Səfirliyi və "Calouste Gulbenkian" Fondunun dəstəyi ilə baş tutub.

17 iyun 2021-ci il tarixində isə Hrant Dink Fondu Türkiyə, Ermənistan və Böyük Britaniyadakı vətəndaş cəmiyyəti sektorunun aparıcı simalarını "Türkiyə-Ermənistan münasibətlərində vətəndaş cəmiyyətinin rolu" adlı onlayn-müzakirə üçün bir araya gətirib. London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin Sosial Siyasət üzrə dosenti və Atlantik Alimlərinin Sosial və İqtisadi Bərabərlik Proqramının idarəedici direktoru Armine İşkanyanın moderatorluğu ilə keçirilən müzakirədə "Anadolu Kültür"-ün baş meneceri Asena Günal, Vətəndaş Cəmiyyətinin Gücləndirilməsi Mərkəzinin İdarə Heyətinin sədri Levent Korkut və Avrasiya Tərəfdaşlıq Fondunun (EPF) Ermənistandakı baş meneceri Gevorq Ter-Qabrielyan iştirak ediblər. Qeyd edək ki, bu onlayn-tədbir Xaç Fondu, İsveçrə Federal Xarici İşlər İdarəsi (SİDA) və "Olof Palme" Beynəlxalq Mərkəzinin dəstəyi ilə mümkün olub.

17-18 noyabr 2023-cü il tarixlərində "Hrant Dink Fondu"nun "Anarad Hığutyun" binasının "Havak" zalında keçirilən "Cümhuriyyətin 100-cü ilində Azlıqların Hüquqları Konfransı" "Hrant Dink Fondu" tərəfindən Avropa Birliyi və Fransanın Ankaradakı səfirliyinin dəstəyi ilə təşkil edilib.

Beləliklə, Hrant Dink Fondu və onun təməlini qoyan "Agos" qəzetinin 30 illik fəaliyyət trayektoriyası Türkiyədə və regional müstəvidə fərqli cəmiyyətlər arasında dialoq, multikulturalizm və insan hüquqları platforması kimi təqdim olunsa da, eyni zamanda dərin siyasi-geosiyasi ziddiyyətlərin və fərqli milli narrativlərin çarpışma nöqtəsidir.

Fondun həyata keçirdiyi layihələr (Azlıq Hüquqları Akademiyası, "KarDes" tətbiqi, ASULIS Laboratoriyası) ilk baxışda liberal-demokratik prinsiplərə, beynəlxalq konvensiyalara və humanitar dəyərlərə əsaslanır. Lakin bu layihələrin demək olar ki hamısı Qərb fondları, Avropa İttifaqı strukturları və erməni diasporunun təsirli təşkilatları (məsələn, "Calouste Gulbenkian" Fondu) tərəfindən maliyyələşdirildiyi üçün layihələrin böyük əksəriyyəti dövlətin daxili işlərinə müdaxilə və suverenliyə təhdid kimi qiymətləndirilməyə yol açır.

"Mədəni İrs Proqramı", "Anadolu ermənilərinin şifahi tarixi" və "Məhv edilmiş sivilizasiya" kimi konfrans və nəşrlər vasitəsilə 1915-ci il hadisələrinin və Osmanlı dövrünün erməni perspektivindən təqdim edilməsi Türkiyənin rəsmi tarix tezisləri ilə birbaşa ziddiyyət təşkil edir. Bu fəaliyyətlər tənqidçilər tərəfindən Türkiyənin homogen milli kimliyini zəiflətmək və gələcəkdə "torpaq/mülkiyyət iddialarına" zəmin hazırlamaq məqsədi güdən intellektual infrastruktur kimi xarakterizə olunur.

Fondun və "Agos" qəzetinin Türkiyə-Ermənistan sərhədlərinin açılması, Qarabağ münaqişəsi və post-müharibə dövrünə dair fəaliyyətlərində aşkar birtərəfli mövqe müşahidə olunur. Sərhədlərin bağlı qalmasında və regiondakı gərginlikdə Azərbaycanın birmənalı şəkildə ittiham edilməsi, 44 günlük Vətən müharibəsindən sonra Türkiyədəki ermənilərin təhlükəsizlik problemlərinə görə Bakının hədəf göstərilməsi və mətbuatda Azərbaycan əleyhinə kampaniyaların təşkili fondun neytral insan hüquqları müdafiəçisi rolunu ciddi şübhə altına qoyur.

Nəticə olaraq, "Hrant Dink Fondu" və "Agos" qəzeti xarici donorların geniş şəbəkəsi vasitəsilə regional miqyasda azlıqların hüquqları pərdəsi altında çıxış etsələr də, apardıqları fəaliyyət Türkiyə və Azərbaycanın milli təhlükəsizlik maraqlarına qarşı yönəlmiş, erməni lobbisinin və beynəlxalq güclərin bölgədəki geosiyasi maraqlarına xidmət edən mütəşəkkil təbliğat və təsir alətləridirlər.