Trend -in tədbirdəki müxbirinin xəbərinə görə, bu fikirləri Medianın İnkişafı Agentliyinin (MEDİA) Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov MEDİA-nın Milli Mətbuat Gününə həsr olunan tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, XX əsrin sonlarında nəşrə başlayan "Əkinçi" qəzeti təkcə Azərbaycanda deyil, bütün Qafqazda böyük maraq və əks-səda doğurub. Qeyd edib ki, görkəmli təbiətşünas alim Həsən bəy Zərdabinin təşəbbüsü ilə başlanan maarifçilik missiyasına dövrün qabaqcıl ziyalıları da qoşulub və onların birgə səyi nəticəsində qəzet qısa zamanda milli oyanışın və maarifçiliyin təbliğ olunduğu mühüm tribunaya çevrilib.

Dağbəyi İsmayılov vurğulayıb ki, cəmi 56 nömrəsi işıq üzü görən "Əkinçi" qəzeti ömrü qısa olsa da, Azərbaycan milli mətbuatının tarixində silinməz iz qoyub. Onun sözlərinə görə, milli mətbuat uzun və şərəfli inkişaf yolu keçərək müxtəlif ictimai-siyasi sınaqlardan uğurla çıxıb və bugünkü inkişaf mərhələsinə çatıb.

MEDİA Müşahidə Şurasının sədri qeyd edib ki, müstəqillik illərində mətbuatın inkişafında Heydər Əliyevin xidmətləri xüsusi əhəmiyyət daşıyıb. Onun sözlərinə görə, hakimiyyətə qayıdışından sonra ölkədə söz və mətbuat azadlığının təmin edilməsi, peşəkar medianın formalaşdırılması istiqamətində ardıcıl addımlar atılıb, 1998-ci ildə senzuranın ləğv edilməsi isə milli mətbuatın inkişafında yeni mərhələnin əsasını qoyub.

O bildirib ki, Heydər Əliyevin mətbuata və jurnalistlərə göstərdiyi diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

"Ölkəmizdə söz və mətbuat azadlığının təmin olunması və medianın inkişafı istiqamətində ardıcıl islahatlar həyata keçirilir. Bu gün milli mətbuatımız qlobal informasiya məkanına daha sıx inteqrasiya olunaraq müasir media mühitinin ayrılmaz tərkib hissəsinə çevrilib"

, - deyə o əlavə edib.

Dağbəyi İsmayılov diqqətə çatdırıb ki, Azərbaycan mediası 44 günlük Vətən müharibəsi dövründə informasiya cəbhəsində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, operativ və obyektiv məlumatların ictimaiyyətə çatdırılmasında, dezinformasiyaya qarşı mübarizədə və Qarabağ həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında mühüm rol oynayıb.

O qeyd edib ki, postmüharibə dövründə də milli mətbuat Prezident İlham Əliyevin sülh gündəliyi, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramı ilə bağlı məlumatların ölkə və dünya ictimaiyyətinə çatdırılmasına mühüm töhfə verir.

Dağbəyi İsmayılov bildirib ki, müasir informasiya məkanında baş verən sürətli dəyişikliklər media sahəsində qanunvericiliyin təkmilləşdirilməsini zəruri edib. Onun sözlərinə görə, 2021-ci ildə qəbul edilən "Media haqqında" Qanun media fəaliyyətinin hüquqi əsaslarını müəyyənləşdirərək vahid tənzimləmə çərçivəsi formalaşdırıb, sonrakı dəyişikliklər isə medianın müasir çağırışlara uyğun inkişafına və peşəkar jurnalistikanın gücləndirilməsinə xidmət edib.

O əlavə edib ki, Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Medianın İnkişafı Agentliyi milli mətbuatın inkişafı və media subyektlərinin dəstəklənməsi istiqamətində mühüm rol oynayıb.

MEDİA Müşahidə Şurasının sədri bildirib ki, artıq dörd ildir Milli Mətbuat Günü ərəfəsində keçirilən Şuşa Qlobal Media Forumu beynəlxalq media ictimaiyyətinin diqqət mərkəzində olan nüfuzlu platformaya çevrilib. Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrindən media rəhbərlərini, jurnalistləri və ekspertləri bir araya gətirən forum qlobal informasiya gündəminin aktual məsələlərinin müzakirəsi üçün əlverişli imkan yaradır və Azərbaycan mediasının nailiyyətlərini, beynəlxalq informasiya məkanında artan rolunu nümayiş etdirir.

"Prezident İlham Əliyevin hər bir forumda şəxsən iştirak edərək beynəlxalq media nümayəndələrinin suallarını cavablandırması bu platformanın əhəmiyyətini daha da artırır", - deyə Dağbəyi İsmayılov vurğulayıb.

O bildirib ki, bu il

"Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması"

mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumu da dünya ictimaiyyətinin böyük marağına səbəb olub.

Dağbəyi İsmayılov qeyd edib ki,

"bu gün Azərbaycan mediası informasiya yayımı ilə yanaşı, milli maraqların qorunmasında və tarixi həqiqətlərin ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır"

. O əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin, Böyük Qayıdış Proqramının və bölgədə formalaşan yeni reallıqların operativ işıqlandırılması Azərbaycanın mövqeyinin dünyaya çatdırılmasına və cəmiyyətdə milli həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verir.