Bildirilib ki, qazıntılar İnstitutla "Azerbaijan International Mining Company" (AIMC) arasında bağlanmış müqavilə çərçivəsində həyata keçirilir. Tədqiqatlar AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfovun rəhbərlik etdiyi Gədəbəy arxeoloji ekspedisiyasının Xarxar dəstəsi tərəfindən aparılır.
Məlumata görə, Xarxar nekropolu ilk dəfə 2012-ci ildə mərhum arxeoloq Qoşqar Qoşqarlının araşdırmaları zamanı qeydə alınıb. Abidədə ilk genişmiqyaslı elmi tədqiqat isə 2023-cü ildə aparılıb.
Qeyd olunub ki, nekropol Xarxar kəndində, Xarxarçayın sol sahilində yerləşir və sahəsi 1 hektardan bir qədər çoxdur. İlkin müşahidələr zamanı ərazidə yerüstü əlamətləri bilinən 130-a yaxın qəbir qeydə alınsa da, üst torpaq qatının götürülməsindən sonra, əsasən uşaq qəbirləri də daxil olmaqla, çoxsaylı yeni dəfn yerləri aşkar edilib. Hazırda müəyyən olunan qəbirlərin sayı 500-ə yaxındır və qazıntılar davam etdikcə bu rəqəmin artacağı istisna edilmir.
İnstitutun məlumatına əsasən, qazıntılar üçün 10x10 metr ölçüdə 17 kvadrat ayrılıb, ümumilikdə 1700 kvadratmetrlik sahənin 12 kvadratında ilkin mərhələ başa çatdırılıb.
Araşdırmalar zamanı qəbirlərin böyük əksəriyyətinin cənub-qərb-şimal-şərq istiqamətində salındığı müəyyən olunub. Qəbir daşlarının əksəriyyəti təbii qaya daşlarından hazırlanıb. Bəzi daşların üzərində isə cızma üsulu ilə işlənmiş alban xaçları aşkarlanıb. Mütəxəssislərin fikrincə, bu təsvirlər Qafqaz Albaniyasının xristian irsinin öyrənilməsi baxımından mühüm elmi əhəmiyyət daşıyır.
İlkin nəticələr nekropolda həm xristianlıqdan əvvəlki dövrə, həm də daha çox xristianlığın qəbulundan sonrakı mərhələyə aid dəfnlərin olduğunu göstərir. Ehtimal edilir ki, ərazi təxminən 4-5 əsr ərzində ardıcıl şəkildə qəbiristanlıq kimi istifadə olunub.
Növbəti mərhələdə qəbirlərin açılması, dəfn adətlərinin öyrənilməsi, insan qalıqları üzərində antropoloji tədqiqatların aparılması və digər elmi araşdırmaların həyata keçirilməsi planlaşdırılır.
Комментарии
Загрузка…
Оставить комментарий