AZƏRTAC xəbər verir ki, aramsız yağışların səbəb olduğu sürüşmə yerli vaxtla səhər saat 9 radələrində Hancia mikrorayonunda baş verib. Nəticədə dağın ətəyində yerləşən 10-dan çox yaşayış binası dağıntı və palçıq axını altında qalıb. Axtarış işlərinin gedişində 10 nəfər xilas edilib, 8 nəfərin meyiti tapılıb. Hazırda axtarış-xilasetmə işləri davam edir.

Sürüşmədən sonra ərazidə 2-ci səviyyədə geoloji fəlakət vəziyyəti elan olunub. Təbii fəlakət bölgəsindən təxminən 1100 nəfər təxliyə edilib.