Azərbaycanda heyvan bazarları fiziki yox, birja formasında təşkil ediləcək.

Day.Az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Trend Beynəlxalq İnformasiya Agentliyinə və "Xəzər TV" televiziya kanalına birgə müsahibəsində deyib.

AQTA sərdi bildirib ki, heyvan bazarları ilə bağlı aparılan yoxlamalar 28 bazarın mövcud standartlara cavab vermədiyini göstərib:

"Bu bazarlarda baytarlıq-sanitariya norma və qaydalarına əməl olunmurdu. Buna görə də bütün heyvan bazarlarının fəaliyyəti müvəqqəti dayandırıldı. Standartlara uyğunlaşdırıldıqdan sonra 14 heyvan bazarının fəaliyyətinə yenidən icazə verildi. Digər bazarların bir hissəsində hazırda yenidənqurma işləri aparılır, bir hissəsinin isə müasir tələblərə cavab verməsi mümkün olmadığından həmin məkanlarda gələcəkdə fəaliyyətin davam etdirilməsi məqsədəuyğun hesab edilmir. Gələcəkdə identifikasiya prosesi və ikinci Dövlət Proqramı tam başa çatdıqdan sonra fiziki heyvan bazarlarından heyvan satış birjalarına keçid təmin olunacaq. Agentlikdə idxal və ixrac sahəsində rəqəmsallaşma artıq 100 faiz təmin edilib. Digər istiqamətlərdə isə rəqəmsallaşma səviyyəsi 94 faizi ötüb. Bu proses tam başa çatdıqdan və heyvanların identifikasiyası yekunlaşdıqdan sonra məqsədimiz odur ki, heyvanların A məntəqəsindən B məntəqəsinə daşınaraq bazarlarda sərgilənməsi və satışa çıxarılması əvəzinə, müasir heyvan satış birjaları tətbiq edilsin. Belə olan halda alıcı almaq istədiyi heyvanın bütün məlumatlarını, o cümlədən identifikasiya sistemində əks olunan göstəricilərini elektron platforma üzərindən əvvəlcədən görə, qiymətləndirə və daha sonra sifarişini verə biləcək".

Qeyd edək ki, müsahibə 30 iyun, saat 20:00-da Trend-də və "Xəzər Tv"-də yayımlanacaq.