"Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı" rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik istiqamətləri üzrə 58 təşəbbüsü əhatə edir.

Bunu Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasında Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

Nazir bildirib ki, 40 dövlət qurumu ilə Yol xəritələri hazırlanıb, onlardan 13-nün artıq təsdiqlənib və ya təsdiq mərhələsindədir.

Rəşad Nəbiyev Milli Məlumat Hövzəsinin yaradılması barədə məlumat verib, dövlət informasiya sistemlərinin hökumət buluduna miqrasiyası və yeni data mərkəzinin tikintisi üzrə işlərin davam etdirildiyini vurğulayıb. "Mygov" platformasının xidmət dairəsinin genişləndirildiyini, son üç ayda istifadəçilərin sayının 2,7 milyondan 3,5 milyona çatdığını deyən nazir artıq bir neçə tətbiqin platformaya inteqrasiya olunduğunu, daha yeddi dövlət tətbiqinin xidmətlərinin isə ilin sonunadək vətəndaşların istifadəsinə veriləcəyini bildirib.

Rəqəmsal inkişaf və nəqliyyat naziri fəaliyyət planının əsas prioritetlərindən birinin süni intellekt olduğunu vurğulayaraq, "mygov" və digər dövlət qurumlarında süni intellekt həllərinin tətbiqinin genişləndirildiyini, virtual vətəndaş köməkçisinin istifadəyə verildiyini deyib.

Rəşad Nəbiyev innovasiya ekosisteminin inkişafı məsələlərinə toxunub, texnoloji suverenliyi gücləndirən sahələrdə fəaliyyət göstərən şirkətləri bir araya gətirmək məqsədilə Azərbaycan Dayanıqlılıq Klasterinin yaradılmasına başlanıldığını vurğulayıb və kibertəhlükəsizlik sahəsində görülən işlərdən danışıb. Qeyd edib ki, Milli Təhlükəsizlik Əməliyyatları Mərkəzi, Milli Kiber İnsidentlərə Qarşı Mübarizə Mərkəzi və Rəqəmsal Təhqiqat Mərkəzinin yaradılması, həmçinin dövlət və özəl sektor arasında operativ məlumat mübadiləsini təmin edəcək vahid milli kibertəhlükəsizlik platformasının qurulması istiqamətində işlər davam etdirilir.