"Özəl ali təhsil müəssisələrinə qəbul olunanlar arasında isə 100 baldan aşağı nəticə göstərən abituriyent qeydə alınmayıb. Bu vəziyyət özəl ali məktəblərdə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qəbul planının azalması və müsabiqə şəraitinin nisbətən sərtləşməsi ilə izah edilir", - Trend.az müxbirinin nəzərdən keçirdiyi həmin nəşrdən belə görünür.

Dövlət İmtahan Mərkəzinin təhlilləri göstərir ki, I-IV ixtisas qrupları üzrə dövlət ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər daha yüksək nəticələr nümayiş etdiriblər.

Belə ki, dövlət universitetlərinə qəbul olunanların 22,91 faizinin topladığı bal 500-700 intervalında olub. Özəl ali təhsil müəssisələrində isə bu göstərici cəmi 4,52 faiz təşkil edib. Eyni zamanda, dövlət ali təhsil müəssisələrinə qəbul olunanların 74,61 faizinin nəticələri 300-700 bal diapazonunda cəmləşib. Özəl ali təhsil müəssisələrinə qəbul olunanların isə 51,86 faizi əsasən 150-300 bal aralığında nəticə göstərib.

V ixtisas qrupu üzrə isə fərqli mənzərə müşahidə olunur. Həm dövlət, həm də özəl ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin böyük əksəriyyəti - müvafiq olaraq 75,17 və 71,43 faizi - 100-200 bal intervalında nəticə göstərib.

Bu qrup üzrə ən azı 150 bal toplayanların payı dövlət ali təhsil müəssisələrində 43,88 faiz, özəl ali təhsil müəssisələrində isə 72,38 faiz təşkil edib. Özəl ali məktəblərdə bu göstəricinin yüksək olması əsasən Qərbi Kaspi və Xəzər universitetlərinin "Dizayn" ixtisaslarına xüsusi qabiliyyət imtahanı tələbi olmadan qəbul aparması ilə əlaqələndirilir, - bu da jurnalda yer alan təhlillərdən olub.