Yarışlar Almaniyanın məşhur Soers kompleksində yerləşən, 40 min tamaşaçı tutumuna malik "Hauptstadion" arenasında keçirilib. Dünyanın müxtəlif ölkələrindən minlərlə tamaşaçı və beynəlxalq media nümayəndəsinin qatıldığı tədbir bu il də yüksək təşkilatçılığı və möhtəşəm atmosferi ilə yadda qalıb.
Tədbir çərçivəsində təşkil olunan və "Ceyms Bond" mövzusuna həsr edilən xüsusi "Horse & Symphony" proqramı və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi Orkestrinin "CHIO Aachen" orkestr kollektivi ilə birgə çıxışı tamaşaçılar tərəfindən alqışlarla müşayiət olunub, təqdim edilən musiqi kompozisiyaları tədbirə xüsusi rəng qatıb. Möhtəşəm şou proqramında musiqi, atçılıq sənəti və səhnə elementlərinin vəhdəti iştirakçılara unudulmaz anlar yaşadıb.
Azərbaycanın qədim atçılıq ənənələrini özündə əks etdirən Qarabağ və Dilbaz atları xüsusi maraq doğurub, milli musiqi elementləri və mədəni kompozisiyalar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Qarabağ və Dilbaz atlarının zərifliyi, çevikliyi və estetik görünüşü Azərbaycanın zəngin atçılıq mədəniyyətinin beynəlxalq arenada nümayişi baxımından xüsusi əhəmiyyət daşıyıb.
Qeyd edək ki, Axen şəhəri 2026-cı ildə keçiriləcək FEI Dünya Atçılıq Çempionatına da ev sahibliyi edəcək. Bu baxımdan "CHIO Aachen" hazırda dünya atçılıq ictimaiyyətinin əsas diqqət mərkəzlərindən biri hesab olunur və burada Azərbaycan nümayəndə heyətinin iştirakı ölkəmizin beynəlxalq idman və mədəniyyət sahəsində artan nüfuzunun daha bir göstəricisi kimi dəyərləndirilir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий