"Xaçmaz KOB evi"nin Xudat Xidmət Mərkəzində ("Foodcity Aqroparkı"nda) Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb. Məqsəd aqrar sahədə fəaliyyət göstərən sahibkarlara operativ, şəffaf və əlçatan xidmət göstərmək, subsidiya mexanizmləri üzrə müraciət prosesini sürətləndirmək və fermerlərin bu sahədə məlumatlandırılmasını genişləndirməkdir. Xidmət masası tərəfindən kənd təsərrüfatı subsidiyalarına dair müraciətlərin qəbulu, aidiyyəti istiqamətlər üzrə ilkin məlumatlandırma və digər dəstək xidmətləri göstəriləcək.

Bu Xudat şəhəri və ətraf ərazilərdə yaşayan kənd təsərrüfatı və aqrobiznes fəaliyyəti ilə məşğul olan sahibkarların işini asanlaşdıracaq. Belə ki, vətəndaşlar və fermerlər subsidiya xidmətləri ilə bağlı müraciətlərini rayon mərkəzlərinə getmədən birbaşa Xudat şəhərində həyata keçirə biləcəklər. Bu isə regionlarda fəaliyyət göstərən fermer və sahibkarların vaxt itkisini minimuma endirməklə yanaşı, dövlət xidmətlərindən istifadənin daha rahat və çevik şəkildə təşkilinə imkan verəcək.

Qeyd edək ki, 2026-cı ilin yanvar-aprel aylarında "Xaçmaz KOB evi"nin Xudat Xidmət Mərkəzi tərəfindən sahibkarlara 18 minə yaxın xidmət göstərilib.

Hazırda KOB evləri Bakı, Gəncə, Xaçmaz, Yevlax və Şuşa şəhərlərində fəaliyyət göstərir. Ümumilikdə KOB evlərində sahibkarlara 35 dövlət qurumu tərəfindən 300-dən çox "G2B" və 13 özəl təşkilat tərəfindən 160 "B2B" xidmət təqdim olunur.