Nazirin sözlərinə görə, Panama ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir və bu əlaqələrin daha da inkişaf etdirilməsi məqsəd qoyulub.
"Münasibətlərimiz çox güclüdür. Biz bu əlaqələri daha da möhkəmləndirmək istəyirik və öyrənəcəyimiz çox şey var", - deyə o bildirib.
Jaime Giovanelli qeyd edib ki, Panama nümayəndə heyəti Bakıya müxtəlif təcrübələri öyrənmək və şəhərlərin yenidən qurulması prosesini yaxından müşahidə etmək üçün gəlib.
"Biz buraya təcrübələri görmək, problemlərin necə həll edildiyini və şəhərlərin necə yenidən bərpa olunduğunu öyrənmək üçün gəlmişik", - deyə nazir vurğulayıb.
O bildirib ki, Prezident İlham Əliyevin çıxışında məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması və həmin ərazilərdə yaşayış məntəqələrinin yenidən qurulması ilə bağlı səsləndirilən fikirlər xüsusi maraq doğurub.
"Mənim üçün Prezident İlham Əliyevin çıxışında məcburi köçkünlər üçün mənzil həllərinin yenidən bərpa edilməsindən, onların öz doğma yerlərinə qaytarılmasından və insanların əvvəlki yaşayış məntəqələrinə dönərək şəhərlərinin yenidən dirçəlməsinə töhfə verməsindən danışması çox maraqlı oldu", - deyə Jaime Giovanelli bildirib.
Nazirin sözlərinə görə, bu istiqamətdə Azərbaycanın təcrübəsi Panama üçün öyrənilməsi vacib olan nümunələrdən biridir.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.
Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum") keçirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий