Nazir qeyd edib ki, hazırda ölkəsində tikilən yaşayış kompleksləri sosial infrastrukturdan məhrum qalır:

"Yəni mənzil layihələri var, amma onların yanında içməli su, nəqliyyat, yol infrastrukturu, enerji, səhiyyə və təhsil kimi əsas xidmətlər yoxdur. Buna görə də dövlət indi əlavə səy göstərməlidir ki, əsas xidmətləri təqdim etməli olan qurumlar yaşayış layihələrinin inkişafından əvvəl hərəkət etsinlər və ailələrin həyat keyfiyyətini təmin etsinlər".

J. Giovanelli bildirib ki, Panamada kanat yolu inşa edilir ki, yollarda tıxacın qarşısı alınsın.

"Digər mühüm məqsədimiz isə Panama Respublikasının Atlantik sahilində yerləşən Kolon şəhərinin bərpasıdır. Kolon üçün genişmiqyaslı bərpa planı hazırlanıb. Əvvəlki təcrübələrdən fərqli olaraq, bu dəfə işə infrastrukturdan başlanılır. Dövlətin resursları məhdud olsa da, böyük səylərlə çalışırıq ki, infrastruktur yatırımları tələbdən əvvəl həyata keçirilsin".

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum") keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.