A.Quliyev bildirib ki, şəhərlərin yaşıl və dayanıqlı məkanlara çevrilməsi innovativ həllər, güclü tərəfdaşlıqlar və resursların səfərbər edilməsini tələb edir: "Bu məqsədlərə nail olmaq üçün bizə lazım olan alət və təcrübələrin təmin edilməsində beynəlxalq əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.

D8 platforması praktiki və nəticəyönümlü təşəbbüsləri dəstəkləməklə, maraqlı tərəflər arasında əməkdaşlığı gücləndirməklə mühüm fəaliyyət katalizatoruna çevrilə bilər. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi cari və gələcək D8 təşəbbüslərinə töhfə verməyə hazırdır və ümid edirik ki, bugünkü müzakirələr bizi ümumi məqsədlərimizə daha da yaxınlaşdıracaq".

O vurğulayıb ki, WUF13 gələcək illərdə mənzil və davamlı şəhər inkişafı üzrə istiqamətləri müəyyənləşdirəcək Bakı Çağırışı adlı kollektiv bəyannamə ilə yekunlaşacaq.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

"Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.