AZƏRTAC "Tagesschau" xəbər xidmətinə istinadla bildirir ki, "Porsche" şirkəti "Gələcək paketi" çərçivəsində yaxın illərdə daha 5 min iş yerini ixtisar etməyi planlaşdırır. Ötən il elan edilmiş 3900 ştatın ləğvi ilə birlikdə şirkətdə ümumilikdə 8900 əməkdaş işini itirəcək.

İxtisarların əsasən təbii işçi axını, erkən pensiya və qarşılıqlı razılaşma əsasında həyata keçiriləcəyi, 2035-ci ilədək isə istehsalat səbəbindən məcburi işdən çıxarmaların olmayacağı bildirilib. Eyni zamanda, "Porsche" 2035-ci ilədək Zuffenhauzen və Vaysaxdakı müəssisələrinə 2,1 milyard avro sərmayə yatıracaq.

"Audi" isə xərclərin azaldılması proqramını daha da sərtləşdirəcəyini açıqlayıb. Ötən il şirkət 2029-cu ilədək 7,5 min iş yerinin ixtisar olunacağını elan etmişdi. "Audi", həmçinin maliyyə proqnozunu aşağı salaraq illik gəlir gözləntisini 58-63 milyard avroya endirib. Bu, aprel proqnozundan 5 milyard avro azdır. Şirkətin ikinci rübdə xalis mənfəəti isə illik müqayisədə 21 faiz azalaraq 563 milyon avro təşkil edib.