Day.Az Trend -ə istinadən xəbər verir ki, bunu Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimində deyib:

"Bu lisey yalnız xüsusi təyinatlı ali və orta ixtisas təhsilli müəssisələr üçün namizədlər hazırlayan təhsil müəssisəsi deyil, həm də milli ruhun, hərbi iradənin və dövlətə sədaqətin məktəbidir.

Azərbaycan Respublikasının azadlığı, müstəqilliyi və suverenliyi uğrunda liseyin yetirmələri böyük fədakarlıq göstərib, 200-dən çox məzun Vətən uğrunda şəhidlik zirvəsinə ucalıb".

Onun sözlərinə görə, liseyin məzunları arasında 11 Milli Qəhrəman və 19 Vətən Müharibəsi Qəhrəmanı var ki, bu da təhsil ocağında yüksək vətənpərvərlik ruhunun, hərbi peşəkarlığın və liderlik keyfiyyətlərinin formalaşdırıldığını göstərir.

"Burada yaradılan şərait, müasir tədris korpusları, idman və istirahət kompleksləri gənclərimizin hərtərəfli inkişafına xidmət edir. Azərbaycan Ordusunun təhsil sisteminin inkişafına göstərilən xüsusi diqqət və qayğıya görə dövlət rəhbərliyinə minnətdarlığımızı bildiririk", - deyə o əlavə edib.

Məzunlara müraciət edən G.Əbdülov onların qalib dövlətin övladları olduğunu vurğulayaraq bildirib ki, sabahın zabiti kimi onlardan yalnız xidmət deyil, həm də liderlik, nümunə olmaq və məsuliyyət daşımaq gözlənilir.

"Unutmayın ki, müasir dövrdə zabit yalnız hərbi peşə sahibi deyil. O, yüksək intellektə malik, texnologiyanı anlayan, sürətlə qərar qəbul edən, dəyişən şəraitə uyğunlaşan və tabeçiliyində olan şəxslərə örnək olan liderdir", - deyə rektor bildirib.

O, məzunlara hər zaman şərəf və ləyaqətlərini qorumağı, daim öyrənməyi və Vətəni sevməyi tövsiyə edib.

G.Əbdülov həmçinin valideynləri, müəllimləri, zabitləri və komandir heyətini təbrik edərək onların gənclərin bilik, intizam və vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynadıqlarını vurğulayıb.

Buraxılış mərasimində Raket və Artilleriya Qoşunlarının komandanı general-leytenant Ağamir Sultanov, Hərbi Hava Qüvvələri Komandanının müavini general-mayor Zaur Rüstəmov, Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin rəisi general-mayor Azər İbrahimov, Rabitə və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi general-mayor Vasif Xəlilov, eləcə də Türkiyə Milli Müdafiə Universitetinin nümayəndəsi, Türkiyə Quru Qoşunları Ali Hərbi Məktəbinin dekanı professor İbrahim Ətəm iştirak ediblər.