Şəxslərin platformada qeydiyyatına dair tələblər müəyyənləşir.

Day.Az -ın məlumatına görə, bu, Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin iyunun 8-də keçiriləcək birgə iclasının gündəliyində yer alan qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, 16 yaşı tamam olmamış şəxslərin platformada fərdi rəqəmsal hesablarının yaradılmasına yol verilmir.

Platformaların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

Provayder platformada fərdi rəqəmsal hesabın yaradılması zamanı yaş məhdudiyyətinə nəzarəti təmin etmək üçün şəxsin yaşının bəyan edilməsi, şəxsin bəyan edilən yaşının dəqiqləşdirilməsi, habelə 16-18 yaş arası uşağın qanuni nümayəndəsinin fərdi rəqəmsal hesabın yaradılmasına razılığının alınması üçün bank kartı, elektron poçt ünvanı və mobil telefon nömrəsi üzrə məlumatların təqdim edilməsi texniki üsullarının ardıcıl tətbiqini təmin etməlidir.

Bu Qanunda qeyd edilən məlumatlar əsasında provayder şəxsin, habelə 16-18 yaş arası uşağın qanuni nümayəndəsinin elektron poçt ünvanına və mobil nömrəsinə sorğunun göndərilməsi, habelə ona məxsus bank kartından pul vəsaitinin çıxılması (geri qaytarılması şərtilə) vasitəsilə bəyan edilmiş yaşın yoxlanılmasını həyata keçirir.

Qanunda nəzərdə tutulmuş texniki üsullarla aparılan yoxlama nəticəsində istifadəçinin yaşının 16 və ya yuxarı olduğu müəyyən edildikdə, fərdi rəqəmsal hesabın yaradılması təmin edilir.

Provayder şəxsin sosial şəbəkə platformasındakı davranışının mütəmadi olaraq təhlil edilməsini, bəyan edilən yaşı ilə bağlı əsaslı şübhələr olduqda təkrar yaş yoxlanılmasını təmin etməlidir. Bu zaman yaş tələbinin pozulması halları aşkar edildikdə həmin şəxsin fərdi rəqəmsal hesaba girişi dərhal məhdudlaşdırılmalıdır. Məhdudiyyət tətbiq edilmiş hesabların idarə edilməsi platformaların daxili qaydalarına uyğun olaraq tənzimlənir.

Provayder fərdi rəqəmsal hesabı olan şəxsin yetkinlik yaşına çatanadək yerləşdirdiyi məlumatların, paylaşdığı məzmunun və fərdi məlumatlarının özünün, yetkinlik yaşına çatmadığı halda qanuni nümayəndəsinin və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müraciəti əsasında, həmçinin daxili qaydalarında müəyyən edilmiş hallarda öz təşəbbüsü ilə silinməsini təmin etməlidir.

16-18 yaş arası uşaqların həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəfinə, ləyaqətinə və qanunla qorunan digər hüquq və azadlıqlarına təhlükə yaradan zərərli məzmunların yayılmasının qarşısının alınması üçün provayder platformada fasiləsiz rejimdə fəaliyyət göstərən və operativ müdaxiləni təmin edən rəqəmsal həlləri tətbiq etməlidir. Belə halların qarşısının alınması üzrə provayderin texniki müdaxilə müddəti zərərli məzmunun aşkar edildiyi andan etibarən 24 saatdan artıq olmamalıdır.